Texnoloji inkişaf, rəqəmsallaşdırma informasiyanın sürətlə yayılması ilə bərabər, yalan məlumatın da yayılmasına səbəb olur.
"Report"un Şuşaya ezam edilən müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunun ikinci iş günündə çıxış edərkən deyib.
O qeyd edib ki, dezinformasiya xəbərlərlə manipulyasiya etməyə imkan verir.
“Biz hansısa şəkildə hərəkət etməliyik, BMT səviyyəsində müzakirələr aparmalıyıq, ya da başqa qurumlar bu işdə bizə kömək edə bilər”, – Hikmət Hacıyev bildirib.
O əlavə edib ki, ola bilsin, BMT səviyyəsində tədbirlərin vaxtı çatıb.
“Biz razıyıq ki, dezinformasiya terminologiyası ilə bağlı konsensus yoxdur. Bəzi prinsiplər razılaşdırılmalıdır. Bütün bunlar təkcə medianın, hökumətlərin, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların iştirakını tələb etmir. Ola bilsin ki, BMT və ya digər təşkilatlar birləşə bilər. Bu və digər məsələlərlə bağlı bu və sonrakı panellər çərçivəsində peşəkarların fikirlərini gözləyirik”.