“Prezidentin qoyduğu tapşırıqlara və təlimatlara uyğun olaraq, Azərbaycanın işğaldan azad olunan torpaqlarında genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir”.
"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində bildirib.
O, Şuşa şəhərinə çəkilən Zəfər yolunun olduğunu da xatırladıb: “Amma cənab Prezidentin dediyi kimi, Azərbaycan dövlətinin istəyi ən tez zamanda məcburi köçkünlərimizin öz torpaqlarına şərəfli və güvənli şəkildə qayıtmasının təmin olunmasıdır. Cənab Prezident söyləmişdi ki, biz zamana qarşı işləyirik, amma inşallah bizim xalqımızın, dövlətimizin niyyətidir ki, məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarına qayıtsınlar”.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın dövlət olaraq qonşuları ilə normal şəkildə yaşamağı bacarmağına ehtiyac var:
“Ermənistanın bu gün bəlkə də silah-sursata, mərmiyə ehtiyacı yoxdur. Ermənistan silah alır, ordu qurmaq istəyir. Bu kimi işlərin Ermənistanın özü-özünü təsəlli etmək cəhdlərindən başqa bir şey olduğunu düşünmürük. Əgər Ermənistanda kimlərsə revanşla bağlı düşünəcəksə, bu, onların etdikləri növbəti tarixi xəta olmuş olacaq. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bundan sonra da öz sərhədlərinin mühafizəsini, vətəndaşlarının təhlükəsizliyini təmin etməkdə davam edəcək”.
“Zəngəzur dəhlizinin açılması məsələsində üçtərəfli təmaslar davam edir. Dəhlizin açılması məsələsi 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatın bir tərkib hissəsidir. Ona görə bu məsələdə də Ermənistanın bir öhdəliyi var. Nəticə etibarı ilə regionumuzda əlaqələrin daha da yaxşılaşdırılması baxımından hər kəs üçün yaxşı fürsət olacaq. Amma təəssüf ki, bu məsələ ilə bağlı Ermənistanda qeyri-rasional, məntiqsiz fikirlər görürük”, - H.Hacıyev əlavə edib.
Prezidentin köməkçisi bildirib ki, 30 illik münaqişə müddətində Ermənistan tərəfi nümayişkaranə şəkildə Azərbaycanın mədəni və islam irsini işğal altındakı torpaqlarda məhv edirdi:
“Dəfələrlə UNESCO-ya müraciət etdik. Cavabda isə onun siyasi təşkilat olmadığı, Minsk qrupu rəhbərlərinin məsələ ilə maraqlandıqları və UNESCO-nun bu məsələ ilə məşğul olmaq iqtidarında olmadığı qeyd edilib. Tarixi, mədəni irs elə bir şeydir ki, binaları yenidən tikmək olar, amma mədəni, xüsusilə də tarixi irsi bərpa etmək çox çətin olur. Bu, təkcə Azərbaycanın deyil, dünya mədəniyyətinin tərkib hissəsidir. UNESCO tərəfindən regiona gəlməklə bağlı müəyyən hazırlıq ifadə olunmuşdu. Biz onları qəbul etməyə hazırıq. Silahlı münaqişələr zamanı mədəni irsin qorunması ilə əlaqədar Konvensiya əsas olmalı, onlara mandat verməlidir. Bunun əsasında da bütün mədəni irsimizin qiymətləndirilməsi həyata keçirilməli, dəymiş ziyan qiymətləndirilərək beynəlxalq ictimaiyyətə təqdim olunmalıdır”.