Azərbaycanla Mərakeş Krallığı arasında diplomatik münasibətlərin qurulması ötən əsrin 90-cı illərinə təsadüf edir. Bu diplomatik münasibətlər 2006-cı ildə Mərakeşdə Azərbaycan səfirliyinin, 2008-ci ildə isə Azərbaycanda Mərakeşin səfirliyinin açılması ilə daha da güclənib. Həmin dövrdən etibarən tərəflər arasında əməkdaşlıq təkcə diplomatik yox, həm də mədəniyyət sahəsində yüksələn xətlə inkişaf etməkdədir. Sivilizasiyaların qovuşduğu yer olan Mərakeşdə bu gün həm də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) qərargahı yerləşir. Azərbaycan da 1991-ci ildən onun üzvüdür. Bu üzvlük çərçivəsində Azərbaycanın bəzi mədəni irs nümunələri İslam Dünyası İrsi Siyahısına daxil edilib, ICESCO-nun dəstəyi ilə Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçirilib. Son olaraq isə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı seçilib.
Mövcud proseslər fonunda “Report” Azərbaycanın Mərakeşdəki fövqəladə və səlahiyyətli səfiri, ICESCO yanında Daimi nümayəndəsi Nazim Səmədovla həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
- Cənab səfir, bir ildən çoxdur, Azərbaycanın Mərakeşdəki səfiri olaraq fəaliyyət göstərirsiniz. İlk olaraq ölkə barədə təəssüratlarınızı öyrənmək istərdik.
- Artıq 1 il 4 aydır ki, Azərbaycanın səfiri kimi fəaliyyət göstərirəm və bu müddət ərzində Mərakeş haqqında yalnız müsbət təəssüratlarım formalaşıb. Azərbaycana qarşı dost və tərəfdaş siyasəti aparan Mərakeş həmişə ölkəmizi dəstəkləyib və bu dəstək qarşılıqlıdır. Mərakeşli tərəfdaşlarla konstruktiv və hər iki ölkənin maraqlarına uyğun dialoq aparılır.
- Mərakeş tarixən sivilizasiyaların qovuşduğu yer olub. Tez-tez də paytaxt dəyişib. Bu faktorlar ölkənin mədəni həyatına necə təsir göstərib? Orada nə kimi müxtəlifliklərin şahidi olmusunuz?
- Mərakeş çox qədim və zəngin tarixə və mədəniyyətə məxsus bir ölkə, tarixi ənənələrə və milli dəyərlərə söykənən qədim monarxiyadır. Tarix boyu bu ölkənin müxtəlif şəhərləri paytaxt olub: Fes, Mərakeş və nəhayət, Rabat şəhəri. Ona görə də müxtəlif dillərdə ölkənin adı fərqlənir. Məsələn, biz bu ölkəni Mərakeş, türklər isə Fas (Fes şəhərindən götürərək) adlandırırlar. Hər üç şəhər özünəməxsusdur. Fes şəhərini ölkənin mədəniyyət paytaxtı adlandırmaq olar. Ora daha çox əl işləri sənəti ilə məşhurdur. Fesdə dünyanın ən qədim universiteti (859-cu ildə təsis olunub) olan Əl-Qarauin Universiteti yerləşir. Mərakeş şəhəri isə ölkənin ən turistik şəhəri sayılır. İl ərzində milyonlarla turist buraya gəlir. Rabat şəhəri gəldikdə, bura ölkənin vitrinasıdır, yaşıl və düzgün planlaşdırılmış bir şəhərdir. Mən azərbaycanlı turistlərə hər üç şəhərə səfər etməyi tövsiyə edirəm.
- Bu gün Azərbaycanla Mərakeş arasında ikitərəfli əməkdaşlıq hansı səviyyədədir? Tərəflər, əsasən, hansı istiqamətdə əməkdaşlıqda maraqlıdırlar? İkitərəfli ticarət dövriyyəsinin həcmi nə qədərdir?
- Azərbaycanla Mərakeş əlaqələri müsbət siyasi vektorla inkişaf edir. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Kasablanka şəhərinə səfəri və onun keçmiş Mərakeş kralı II Həsən ilə görüşü bu dostluq və tərəfdaşlıq münasibətlərinin təməlini qoydu. İki ölkə arasında ticarət dövriyyəsi yüksək olmasa da, iqtisadi əməkdaşlıq üçün qarşılıqlı maraq var. Səfirliyimizin rolu ondan ibarətdir ki, bu maraq konkret işlərə çevrilsin. Hər iki tərəf üçün turizm, energetika, bərpa olunan enerji, su sektoru, qarşılıqlı investisiyalar maraqlı mövzulardandır. Ölkələr arasında hökumətlərarası komissiya fəaliyyət göstərir və onu sonuncu sessiyası keçən il Rabatda keçirilib. 2023-cü ilin noyabr ayında Birinci Azərbaycan-Mərakeş Biznes Forumu keçirildi, fevral ayında “AZPROMO”nun (Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) nümayəndə heyəti Mərakeşə səfər etdi. Bu il də bir sıra tədbirlər və səfərlər planlaşdırılır.
- Mərakeşdəki Azərbaycan icması haqqında da məlumat almaq istərdik. Hazırda icmanın nə qədər üzvü var və səfirliyin onlarla əlaqəsi necədir? Onlarla görüşlər və onlar üçün xüsusi tədbirlər təşkil olunurmu? Həmçinin Mərakeşdəki Azərbaycan diasporu ilə əlaqə mövcuddurmu?
- Mərakeşdə azərbaycanlı icması azsaylıdır və əsasən, buraya qarışıq ailələrin üzvləri, ICESCO-da və səfirlikdə işləyən həmvətənlərimiz və onların ailə üzvləri, bizneslə məşğul olan azərbaycanlılar daxildir. Azərbaycanlıların ümumi sayı 35 nəfərdən çox deyil. Səfirlik tərəfindən diaspora ilə birgə Novruz bayramı, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və digər tədbirlər keçirilir. Geniş götürsək, Azərbaycanda vaxtilə təhsil almış və işləmiş mərakeşliləri də Azərbaycan diasporasına daxil etmək olar. Onlarla iş səfirliyimizin prioritetindədir.
- 2015-ci ildə Rabat şəhərindəki V Məhəmməd Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsi nəzdində Azərbaycan dili, sivilizasiyası və mədəniyyəti tədris olunmağa başlayıb. Bu tədris prosesi hələ də davam etdirilirmi? Azərbaycan dilinə maraq hansı səviyyədədir?
- Doğrudur, belə layihə olub, amma təəssüf ki, o yalnız iki il fəaliyyət göstərib. Tərəfimizdən yeni daha davamlı layihə ilə bağlı təkliflər hazırlanır və Bakıya göndəriləcək. Azərbaycan dilinə maraq, əsasən, Mərakeşdə yaşayan azsaylı azərbaycanlı icması ilə əlaqəlidir. Növbəti illərdə müvafiq dövlət qurumları ilə birlikdə Azərbaycan dilinin tədrisi ilə bağlı müəyyən işlərin görülməsi nəzərdə tutulur.
- Siz həm də Azərbaycanın ICESCO yanındakı daimi nümayəndəsisiniz. Bilmək istərdik, fəaliyyətiniz dövründə Azərbaycan və ICESCO-nun birgə təşkilatçılığı ilə hansı layihələr icra olunub və daha hansı layihələrin icrası nəzərdə tutulur? Məsələn, cari ildə Bakıda hansısa forumun keçirilməsi gözlənilirmi?
- ICESCO ilə əməkdaşlığımız fəaliyyətimizin prioritetidir. Əməkdaşlıq çox dinamik inkişaf edir, bir çox layihə birgə icra olunub və digərlər icra olunmaqdadır. İlk olaraq bu təşkilatın Azərbaycana siyasi dəstəyindən danışmaq istərdim. ICESCO-nun Baş direktoru Səlim Əl-Məlik 2021-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qəti dəstək mövqeyini göstərərək azad olunmuş torpaqlara səfər etdi.
2024-cü ildə Şuşa şəhəri İslam Dünyası Mədəniyyət Paytaxtı elan edildi. Bu çərçivədə il ərzində çoxlu tədbirlərin keçirilməsi nəzərdə tutulur. “A-Hub accelerator” layihəsi də Azərbaycan təşəbbüsü olaraq ICESCO tərəfindən dəstəklənir. 2023-cü il oktyabrın 3-də 74-cü Beynəlxalq Astronavtika Konqresi zamanı ICESCO ilə birgə ADA universitetində “Youth Dialogues” proqramı keçirildi. Bu il isə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakıda keçiriləcək. Bu Forumun təşkilində ICESCO əsas həmtəşkilatçılardan biridir. Hazırda ICESCO-da üç azərbaycanlı çalışır.
- Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki mədəniyyət abidələri işğal dövründə ermənilər tərəfindən tamamilə darmadağın edilib. Qarabağın mədəni irsini ermənilər yox etməyə çalışıblar. ICESCO hazırda dağıdılmış abidələrin araşdırılması istiqamətində hansı işlər aparır?
- 2022-ci ildə ICESCO azad olunmuş torpaqlara Azərbaycanın mədəni irsinin vəziyyətinin öyrənilməsi ilə bağlı beynəlxalq ekspertlərdən ibarət missiya göndərmişdi. Müharibə vaxtında azad olunmuş bölgələrdə yerləşən mədəni irsimizlə bağlı ekspertlərin hazırladığı hesabat hazırda beynəlxalq məhkəmələr tərəfindən öyrənilir və ona istinadlar edilir. 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirlərdən sonra ICESCO tərəfimizdən ikinci missiyanın bölgəyə göndərilməsi ilə bağlı müraciət olunub və yaxın aylarda beynəlxalq ekspertlərdən ibarət ikinci missiya bu bölgəyə səfər edəcək.
- Azərbaycanın daha hansı mədəni irs nümunələrinin İslam Dünyası İrsi Siyahısına daxil edilməsi ehtimalı var? Bunun üçün hazırda hər hansı araşdırma aparılırmı?
- Artıq Azərbaycanın 15 mədəni irs nümunəsi İslam Dünyası İrsi Siyahısına daxil edilib. Onlardan 10-u 2023-cü ilin dekabr ayında həmin siyahıya daxil edilib. 15 mədəni irs nümunəsindən 3-ü maddi irs, 12-i isə qeyri-maddi irs nümunəsidir. Hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi növbəti nominasiyalarla bağlı iş aparır və müəyyən bir vaxtda onlarla bağlı məlumat ictimaiyyətə bildiriləcək.
- Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına Azərbaycan evsahibliyi edəcək. Azərbaycan və Mərakeş arasında enerji sahəsində əməkdaşlıq nə yerdədir? COP29-a Mərakeşdən hansı rəsmilərin qatılacağı gözlənilir?
- COP29 kimi əhəmiyyətli beynəlxalq tədbirin Azərbaycanda keçiriləcəyini nəzərə alaraq həm Mərakeş hökuməti, həm də ICESCO bu mövzuya maraq göstərir. Bir neçə gündən sonra iki ölkə arasında yüksək səviyyəli şəxslərin görüşü keçiriləcək. Mərakeş 2016-cı ildə COP22 təşkil edib və bu baxımdan Mərakeşin təcrübəsi bizim üçün maraqlı ola bilər. Bu görüşdə həm də ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə ediləcək. ICESCO-nun Baş Direktoru isə Azərbaycan tərəfinə COP29-la bağlı təkliflər paketini göndərib. Hazırda bu təkliflər öyrənilir və ümid edirəm ki, müəyyən layihələr bu il ICESCO ilə birgə həyata keçiriləcək. Bu cür qlobal tədbirlərdə iştirak ən yüksək səviyyədə olur və bu il də Bakıda COP29-da həm ölkələrdən həm də beynəlxalq təşkilatlardan ən yüksək səviyyədə iştirak gözlənilir.
- Bəs yaxın vaxtlarda Azərbaycana və ya Mərakeşə dövlət rəsmilərinin səfərləri gözlənilirmi?
- Bəli, həm keçən il səfərlərlə zəngin olub, həm də bu il müəyyən qarşılıqlı səfərlər planlaşdırılır. 2023-cü ildə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin spikeri Sahiba Qafarova, Ombudsman Səbinə Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Mərkəzi Bankın sədri Taleh Kazımov, Milli Məclisin sədr müavini Adil Əliyev, Hökumətlərarası Komissiyanın 2-ci iclasında iştirak etmək üçün 10 mərkəzi icra hakimiyyəti orqanı nümayəndələri müavinlər səviyyəsində Mərakeşə səfər ediblər. Azərbaycana isə Mərakeş Parlamentinin Nümayəndələr palatasının sədri Rəşid Talbi El Aləmi, Ailə məsələləri naziri Auatif Hayar, əmək naziri Yunes Sekuri və digərlər səfər ediblər. Bu il “Azərtac”ın rəhbəri Vüqar Əliyevin, Audiovizual Şuranın rəhbəri İsmət Səttarovun və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun Mərakeşə səfərləri planlaşdırılır. Azərbaycana isə Mərakeş parlamentinin Müşavirlər palatasının sədri Naam Miyara və mədəniyyət naziri Mehdi Bensaid dəvət olunublar.
Cənab səfir, vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik!