“İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının Azərbaycana səfər etməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən insan hüquqları pozuntularının canlı şahidi olmaqdır”.
“Report”un xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohammed Abdulla Omair Alghfeli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sabahdan etibarən Komissiya işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəcək: “Bizim məlumatımız var ki, həmin ərazilərdə yerli müsəlman əhalinin dini ibadət yerləri olan məscidlər ermənilər tərəfindən dağıdılıb, yerlər minalanıb. Biz həmin yerlərlə tanış olacağıq. Daha sonra missiyanın nəticəsi olaraq Komissiyanın hesabatı hazırlanacaq. Hesabat dünya ictimaiyyətinə təqdim olunacaq”.
Komissiya sədri işğaldan azad olunmuş ərazilərə səfərlərin təşkilinə görə Azərbaycan hökumətinə, Ombudsman Səbinə Əliyevaya və Ombudsman Aparatına təşəkkür edib.