İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyətinin Gəncə şəhərinə səfəri başlayıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, İƏT-in 5 nəfərdən ibarət nümayəndə heyəti Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib.
Qonaqlar orada dünyasını dəyişən şəxslərin ruhuna dualar oxuyub, dağıntılar olan əraziyə güllər düzüblər.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohamed Abdulla Omair Alghfeli, sədrin müavini Açıkgül Hacı Ali, Komissiya katibliyinin direktoru Javed Saqlain, Komissiya katibliyinin icraçı direktoru Butt Marghoob Saleem işğaldan azad edilmiş, həmçinin Vətən Müharibəsi zamanı hərbi əməliyyatların aparıldığı ərazilərdən uzaqda yerləşən, mülki əhali və infrastrukturlara hədəflənmiş raket hücumları nəticəsində dağıdılmış ərazilərdə birgə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda rəsmi səfərdədirlər.