"Azərbaycan tam müstəqil daxili və xarici siyasət yürüdür və öz daxili işlərinə qarışma ilə bağlı bütün cəhdləri uğurla dəf edir".
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan yüksək səviyyəli yubiley forumunun iştirakçılarına videoformatda müraciəti zamanı bidirib.
“Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş XVIII zirvə görüşündə qeyd etmişdim ki, Azərbaycan öz sədrliyinin əsas prioritetlərini Bandung prinsipləri, ədalətin və beynəlxalq hüququn qətiyyətli müdafiəsi üzərində quracaq”, - dövlət başçısı deyib.
Onun sözlərinə görə, 2020-ci ilin əvvəllərində bütün dünya COVID-19 pandemiyasına məruz qaldı, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi məsuliyyətlə öz üzərinə götürdü və Hərəkatın pademiyanın səbəb olduğu çağırışları adekvat və vaxtında cavablandırması istiqamətində ciddi səylər göstərdi.
“Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin birləşdirilməsi ilə bağlı bir sıra təşəbbüslər irəli sürüb”, - Prezidenti İlham Əliyev vurğulayıb.