"Ukrayna-Rusiya müharibəsi başlayandan sonra təbii qaz məsələsi Avropanın gündəliyində duran əsas məsələlərdən birinə çevrilib. Bir çox layihələr mövcuddur ki, bunlardan biri də tikintisi yekunlaşmaqda olan Yunanıstan-Bolqarıstan İnterkonnektorudur. Buna bənzər digər layihə İonik-Adriatik boru kəməridir. Bu kəmərlə Azərbaycan qazı üç Balkan ölkəsinə nəql ediləcək".
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı deyib ki, son dövrdə Azərbaycana 10-dan çox ölkədən - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən ya mövcud qaz təchizatının artırılması, ya da qaz təchizatına yeni qoşulma ilə bağlı rəsmi müraciətlər daxil olub.