Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeni qəbul edib.
"Report" xəbər verir ki, Tbilisi şəhərinin meri Kaxa Kaladzeni salamlayan Prezident İlham Əliyev dedi:
- Xoş gəlmisiniz. Sizi ürəkdən salamlayıram. Azərbaycanda dəfələrlə olmusunuz, bu gün Tbilisi şəhərinin meri kimi gəlmisiniz. Mənə verilən məlumata görə, dünən Tbilisi və Bakı şəhərlərinin tarixində əlamətdar hadisə baş verib, qardaşlaşma haqqında saziş imzalanıb. Mən bunu alqışlayıram, çox düzgün addımdır və düşünürəm ki, təbii addımdır. Çünki ölkələrimiz də qardaş ölkələrdir, xalqlarımız da qardaş xalqlardır və təbii ki, paytaxtlar da qardaş paytaxtlar olmalıdır. Eyni zamanda, həm Bakı, həm də Tbilisi tarixi şəhərlərdir və hər iki şəhərdə bir çox tarixi memarlıq abidələri mövcuddur. Hər iki şəhərdə köhnə kvartal var – İçərişəhər və köhnə Tbilisi. Siz də yaxşı bilirsiniz, heç də bütün ölkələrdə belə şəhərlər yoxdur ki, köhnə kvartallar olsun və o kvartalların siması qorunsun. Tarixboyu Cənubi Qafqazda həm Bakı, həm də Tbilisi həmişə öz gözəlliyi ilə fərqlənirdi və həm siyasi, həm iqtisadi, həm də mədəni mərkəz rolunu oynayırdılar. Əlbəttə ki, dünən imzalanmış sazişdən sonra iki şəhər arasındakı təmaslar daha da sıx olacaq və olmalıdır. Yəqin ki, birgə fəaliyyət planı da hazırlanacaq. Mən istəyirəm ki, çoxlu qarşılıqlı səfərlər olsun, ictimaiyyət nümayəndələri, media nümayəndələri, tanınmış şəxslər müntəzəm olaraq qarşılıqlı səfərlər etsinlər. Həm Tbilisi, həm də Bakı dünyanın heç bir başqa şəhərinə oxşamırlar.
Mən bilirəm ki, siz Tbilisinin meri kimi çox böyük səylər göstərirsiniz və şəhərin tarixi simasını qorumaq istiqamətində çox böyük addımlar atmısınız. Tbilisi şəhərinin tarixi hissəsi, hesab edirəm ki, dünya üçün çox əhəmiyyətlidir. Çünki bu, unikal memarlıq əsəridir. Əlbəttə, hər bir böyük şəhər kimi, Tbilisi də inkişaf etməlidir və bilirəm ki, sizin rəhbərliyiniz altında bu inkişaf da çox düşünülmüş şəkildə aparılır. Biz sizin fəaliyyətinizi çox yüksək qiymətləndiririk. Siz Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında da böyük səylər göstərirsiniz, Azərbaycanın dostusunuz. Bir daha xoş gəlmisiniz.
Tbilisi şəhərinin meri Kaxa Kaladze dedi:
-Cənab Prezident, ilk növbədə, məni qəbul etdiyiniz üçün təşəkkür edirəm. Bakı şəhərinə gəlmək mənim üçün həmişə xoşdur. Bakı, buranın mədəniyyəti, ənənələri, insanları məni həmişə valeh edib. Şəhər gündən-günə gözəlləşir, abadlaşır, biz bunu alqışlayırıq. Bugünkü səfər üçün bir daha təşəkkür edirəm.
Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyiniz üçün Sizə təşəkkür edirəm. Gürcüstan da öz tərəfindən hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Dünən qardaşlıq haqqında mühüm sənəd imzalandı. Lakin biz hər zaman qardaş olmuşuq, hər zaman bir-birimizə dost və dayaq olmuşuq. Şəxsən mənim üçün Azərbaycan çox yaxın ölkədir, burada çoxlu dostlarım var. Mən energetika naziri olanda da buraya gəlirdim, çoxlu dostlarım var və çox şadam ki, yenə burada, Bakıdayam.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeni qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.