"Biz, iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və əminəm ki, bu, gələcəkdə də davam edəcək".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki, bu gün Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatı keçirilib:
"Bu, bizim xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, hazırda bizim hamımızın məşğul olduğumuz Qarabağın bərpası işinə töhfədir".
"İkitərəfli gündəliyə gəldikdə, o, kifayət qədər genişdir. Sizin səfəriniz ərəfəsində müvafiq strukturlar bir çox məsələlər üzərində hərtərəfli iş aparıblar, 20-dən artıq sənədin imzalanmasına doğru gedirik – onların bir qismi bizim iştirakımızla imzalanacaq və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək.
Xarici siyasətin gündəliyinə gəldikdə isə biz, iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və əminəm ki, bu, gələcəkdə də davam edəcək. Çünki bizim əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx qarşılıqlı fəaliyyətdədirlər", - Azərbaycan Prezidenti bildirib.