Azərbaycan tərəfi bu ilin avqustunda çoxlu sayda İran yük maşınlarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına rəsmi Bakının icazəsi olmadan qanunsuz keçdiyi barədə məlumat əldə edib.
“Report”un Caliber.az-a istinadən verdiyi xəbərə görə, iyulun 11-dən avqustun 8-dək İrana məxsus 35 maşın (4 yük maşını və 31 yanacaq tankeri) Laçın dəhlizindən 70 dəfə girib və çıxıb.
Giriş-çıxış tarixləri də məlumdur - 11, 14, 16, 17, 20, 21, 27, 28, 29, 31 iyul, həmçinin 3, 4, 5, 6, 7 avqust.
Bundan sonra, bu il avqustun 11-də İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib. Səfirə nota verilib və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə edilib.
Rəsmi Bakı həmin vaxt bəyan etdi ki, İranın yeni administrasiyası tərəfindən bu kimi qanunsuz hallara son qoyulması istiqamətində əməli addımların atılacağını gözləyir.
Düz bir ay keçdi. İran tərəfi bu kimi hadisələrin qarşısını almaq üçün təsirli tədbirlər görübmü? Rəsmi Bakının etirazlarını nəzərə alıbmı? Lazımi yoxlamaları həyata keçiribmi? Qətiyyən!
Bizə dəqiq məlum olub ki, 11 avqustdan 10 sentyabradək müxtəlif məqsədli 58 yük maşını (xüsusən yanacaq və sürtkü yağları ilə yüklənmiş) girib, daha sonra onlardan 55-i geri qayıdıb.
Həmçinin aldığımız məlumata görə, iranlılar və ermənilər müxtəlif hiylələrə əl atırlar. Məsələn, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına yaxınlaşanda, İrəvandan Xankəndinə gedən İrana məxsus yük maşınlarının dəqiq sayını gizlətmək üçün İrana məxsus yük maşınlarına Ermənistanın qeydiyyat nömrələri qoyulur. Onlar elə hesab edir ki, bu hiylə ilə kimisə aldada bilərlər. İranlılar bu nömrələrin yük maşınından yük maşınına ötürülərək təkrarlandığını unudublar və bununla bağlı bizim əlimizdə konkret foto sübutlar var.
Faktlar təkzibedilməzdir. Bəs İran mollaları indi nə cavab verəcəklər? Yenə dostluq barədə danışıb, amma əsla dost kimi davranmayacaqlar?
Qeyd etmək yerinə düşər ki, İrandan Qarabağa qanunsuz yüklərin köçürülməsi Bakının müasir videomüşahidə sistemlərinə malik olduğunu dəfələrlə bildirməsinə baxmayaraq həyata keçirilir.
Vizual nəzarət vasitəsi ilə qeyd edildiyi kimi, 11 iyuldan 8 avqusta qədərki dövrdə 20 minə yaxın insan Xankəndini tərk edərək Ermənistana yollanıb, cəmi 15 min adam isə ora daxil olub.