Azərbaycan tərəfinin Asiya Parlament Assambleyasına (APA) iki illik müddətdə sədrliyi çərçivəsində üzərinə düşən vəzifələri yüksək səviyyədə təmin edəcəyinə inanırıq.
"Report" xəbər verir ki, bu fikirləri İran parlamentinin nümayəndə heyətinin rəhbəri Cəlil Rahimi Cahanabadi fevralın 22-də Bakıda keçirilən APA-nın 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İran hər zaman APA çərçivəsində görülən işləri dəstəkləyir: "İnanırıq ki, bütün istiqamətlər üzrə Assambleyaya üzv dövlətlərin fəaliyyətinin gücləndirilməsinə öz töhfəsini verəcək. Asiya qitəsi bütün əlaqələrin mərkəzinə çevriləcək. Asiyada insan hüquqları sahəsində böyük çağırışlarla üzləşir".
O qeyd edib ki, Fələstin xalqı təhdid altında yaşamamalı, münaqişəyə son qoyulmalıdır: "Mürəkkəb şəraitdə günahsız xalq ağrılı dövr yaşayır, qaçqına çevrilir. Odur ki, müharibə sona çatmalıdır".