"Qarabağda müharibə yox, sülh olmalıdır".
Bunu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) İrlandiya nümayəndə heyətinin üzvü, deputat Pol Qavan (Paul Gavan) "Report"un Fransa bürosuna açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ağdamın əhalisi doğma şəhərinə qayıtmaq arzusundadır: "Mən Azərbaycana səfərim zamanı Ağdamda da oldum. Bu şəhər Birinci Qarabağ müharibəsi zamanı tamamilə dağıdılıb və əhalisi məcburi şəkildə evlərini tərk edib. Mən bu şəhərdə gördüklərimdən şok olmuşdum. 30 mindən artıq insanın bu şəhərdə yaşadığına inanmaq çox çətindir. Bu gün onlar evlərinə qayıtmaq arzusundadırlar. Ağdam isə minalarla əhatə olunub. Müharibə insanlar üçün faciədir və onun vurduğu ziyanların həddi-hüdudu yoxdur".
P.Qavan Azərbaycan və Ermənistan arasında konstruktiv dialoqun yaradılmasının və sülhün bərpa olunmasının vacibliyini vurğulayıb: "Uzun illər ermənilər və azərbaycanlılar birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Bu gün onlar Gürcüstanda və digər ölkələrdə gözəl anlaşırlar. Mən irlandiyalıyam və buna görə də sülhün vacibliyini gözəl anlayıram. Bu gün biz hamımız Qarabağda sülhün bərpa olunması üçün əlimizdən gələni etməliyik. Bunun üçün konstruktiv dialoqun qurulmasına ehtiyac var. Mina xəritələrinin verilməsi, girovların qaytarılması və bu kimi digər addımlar dialoqun yaradılmasına şərait yarada bilər və sülhə aparan yolun təməlini qoya bilər".