“Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti, tanınmış jurnalist, siyasi şərhçi, bu yaxınlarda Azərbaycanda səfərdə olmuş Rikardo Sançes işğaldan azad edilmiş ərazilərdə şahidi olduğu erməni vandalizmini və hərbi cinayətlərini ölkəsinin mətbuatında işıqlandırıb.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, o, Peru Jurnalistlər Federasiyasının internet səhifəsində (fpp.org.pe), həmçinin ölkənin nüfuzlu internet xəbər portalı “Expreso”da “Ermənistan-Azərbaycan münaqişəsinin dəhşətləri” sərlövhəsi altında məqalə dərc edib.
Müəllif yazıda uzun illər Ermənistanın işğalı altında olmuş və Azərbaycan Ordusu tərəfindən azad edilmiş Füzuli, Cəbrayıl, Ağdam və Şuşa şəhərlərinə perulu jurnalistlərin ilk dəfə səfər etdiklərini qeyd edib.
R.Sançes Cəbrayıl, Füzuli, Gəncə, Ağdam və Şuşaya səfər edərək, 30 ilə yaxın işğalda saxlanılmış Azərbaycan tarixi torpaqlarının Ermənistan tərəfindən xarabalığa çevrilməsinin, kütləvi dağıntıların və talanların şahidi olduğunu, Cəbrayıl və Ağdam şəhərlərinin xüsusilə erməni vandalizminə məruz qaldığını, oradakı yaşayış infrastrukturu, tarixi və mədəniyyət abidələrinin tamamilə məhv edildiyini qeyd edir. Müəllif Cəbrayıl şəhərində olarkən hər yerdə yalnız dağılmış evlər gördüklərini və qəbiristanlıqların talan edildiyini qeyd edərək, bu mənzərələrdən dəhşətə gəldiyini vurğulayır. O, bir vaxtlar Azərbaycanın ən gözəl şəhərlərindən biri olan, hazırda isə "Qafqazın Hiroşiması" adlandırılan Ağdam şəhərində şahid olduğu erməni vandalizmindən bəhs edərək, işğal olunmuş ərazilərdə qədim məscidlərin, sarayların, tarixi memarlıq abidələrinin, mədəniyyət incilərinin və dini ibadət yerlərinin ermənilər tərəfindən dağıdılaraq yağmalanmaya məruz qaldığını diqqətə çatdırır.
Müəllif Gəncəyə səfərindən bəhs edərək, 44 günlük müharibə zamanı ermənilər tərəfindən insanlığa qarşı törədilmiş cinayətlərin şahidi olduğunu yazır. O, hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən döyüş əməliyyatları zonasından xeyli uzaqda yerləşən şəhəri ballistik raketlərlə atəşə tutulması nəticəsində 26 mülki şəxsin, o cümlədən qadın və uşaqların həlak olduğunu və yüzlərlə insanın yaralandığını oxucuların diqqətinə çatdırıb. Qeyd olunur ki, ermənilər bu kimi hərəkətləri ilə insanlar arasında qorxu yaymaq, mənəvi ruhu pozmaq və Azərbaycan xalqının əzmini sındırmaq istəsələr də, buna nail ola bilməyiblər, tam əks reaksiya ilə üzləşiblər.
Şuşa şəhərinin Azərbaycan üçün geosiyasi, tarixi, mədəni və hərbi-strateji vacibliyini açıqlayan jurnalist, olduqca mürəkkəb xüsusi əməliyyat nəticəsində şəhərin işğaldan azad edilməsinin Azərbaycan üçün müstəsna simvolik əhəmiyyətə malik olduğunu qeyd edir. Jurnalist, 30 il əvvəl öz yurdlarından qovulan vətəndaşlarımızın geri qayıtmasını təmin etmək üçün yerlə yeksan edilmiş bu ərazilərdə ölkə Prezidentinin rəhbərliyi altında aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verir.
O, təəssüflə yazır ki, Ermənistan silahlı qüvvələrinin uzun illər işğal dövründə bu ərazilərdə yüz minlərlə mina yerləşdirməsi faktı bərpa işlərini mürəkkəbləşdirir. Ötən il, 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli bəyanata baxmayaraq, Ermənistanın beynəlxalq humanitar hüquqa zidd olaraq minalanmış sahələrinin xəritələrini verməkdən imtina etdiyini qeyd edən jurnalist, Azərbaycan hökumətinin bütün səylərinə baxmayaraq, bu ərazilərin minalardan təmizlənməsi prosesinin illərlə çəkə biləcəyini bildirir.
Müəllif yazısında səfər zamanı azərbaycanlı qaçqınlarla görüşdüyünü, onların erməni təcavüzü nəticəsində doğma evlərini tərk etmək məcburiyyətində qaldıqlarını, çəkdikləri əzab və ağrılardan bəhs etdiklərini, lakin buna baxmayaraq tezliklə öz doğma yurdlarına qayıdacaqları anı səbirsizliklə gözlədiklərini qeyd edir.