İsveçdə yaşayan jurnalist ekofəalların Xankəndi-Laçın yolunda keçirdiyi aksiyanı dəstəkləyib.
Bunu “Report”a açıqlamasında İsveçdən Azərbaycana səfərə gəlmiş, hazırda Şuşada səfərdə olan jurnalist Əlirza Ərdəbili deyib.
“Ötən əsrin 90-cı illərində Azərbaycan torpaqları işğal olunanda ABŞ 907-ci düzəlişi qəbul edib. Bu, Azərbaycan xalqı üçün böyük şok idi. Çünki işğala məruz qalmasına rəğmən, bir çox Qərb dairələri Azərbaycana qarşı haqsız davrandılar. Bu gün də bu proses davam edir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi məhz bu etinasızlığın nəticəsi idi. Bakı başa düşdü ki, ABŞ-ın, Fransanın nə dedikləri vacib deyil. Türklərin bütün qələbələrində nə ABŞ, nə də Fransa olub. Bunu tarix göstərir. Düzdür, Qərbdə insan haqlarına inanlar, ikili standartlar aparanlar var. Amma biz onların toplum olaraq bizi başa düşməsini gözləməli deyilik. Bu, əbəsdir”.
Jurnalistin sözlərinə görə, ermənilər bu gün də revanşist niyyətlər barədə düşünürlər:
“Azərbaycan onların planlarına mane olmalıdır. Bu, müqəddəs vəzifədir. Azərbaycanın yeraltı sərvətləri azərbaycanlılara aiddir”.
O bildirib ki, Şuşaya səfəri zamanı həm də dostlarını, bura gəlmək istəyənləri təmsil edir:
“İşğaldan azad olunandan Şuşanı görən güneylilərin sayı azdır. Sevinirəm ki, mən də onlardan biriyəm. Şuşada gördüklərim planlı cinayət, vəhşilik və işğaldır. 1890-cı ildə Tiflisdə erməni cəmiyyəti yaranandan bəri bu planlı cinayət davam edir. Kimsə görmək istəməsə də, biz onları görürük. Vicdansız ermənilərin planlı cinayətlərinin nəticəsi ortadadır”.
Ə.Ərdəbili Ərdəbildə anadan olub. 39 il əvvəl Ərdəbildən çıxıb. Hazırda İsveçin Stokholm şəhərində yaşayır.