İtaliya Senatının “Yaşayan İtaliya” Partiyasından olan üzvləri, Senatda parlament komissiyasının prezidenti, senator Mauro Maria Marino və xarici əlaqələr və emiqrasiya daimi komissiyasının vitse-prezidenti, senator Laura Garavini Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsinə İtaliyanın verə biləcəyi töhfə barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinə rəsmi sorğu göndərib.
Bu barədə "Report"a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.
Sorğuda 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli Bəyanatın imzalanması ilə ikinci Qarabağ müharibəsinin sona çatdığı, Şuşa və erməni işğalı altında digər Azərbaycan ərazilərinin azad edilməsi ilə münaqişənin bitdiyi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 nömrəli qətnamələrinə və beynəlxalq hüquqa uyğun olaraq tanınmış əraziləri üzərində suverenliyini bərpa etdiyi vurğulanıb.
Sorğuda Azərbaycanın Ermənistana qarşı iş üzrə Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyi materiallara istinad edilərək işğaldan azad edilmiş ərazilərin 75%-nin Ermənistan tərəfindən işğal vaxtı minalandığı vurğulanıb, minaların hərbi postlardan kənar ərazilərdə - insanların sıx yaşadığı, kənd təsərrüfatı sahələrinin, eləcə də iqtisadi və sosial cəhətdən əhəmiyyətli torpaqlarda, habelə qəbiristanlıqların olduğu sahələrdə yerləşdirildiyi qeyd olunub. Habelə sorğuda qeyd olunub ki, münaqişədən sonrakı dövrdə regionda davamlı sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasının qarşısında duran əsas təcili məsələ həmin ərazilərin minalardan təmizlənməsidir.
Sorğunun yekun hissəsində İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun 2020-ci ilin dekabrında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etməsinə istinad edilib və bu xüsusda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi ilə əlaqədar həyata keçirilən fəaliyyətə İtaliyanın verə biləcəyi töhfənin konkretləşdirilməsi, bu töhfənin hansı ikitərəfli və ya çoxtərəfli mexanizmlər, eləcə də diplomatik kanallar vasitəsilə yerinə yetirilməsi sorğu edilib.