Heç bir pozuntu olmayıb, siyasi partiyalara diskriminasiya tətbiq edilməyib.
"Report"un məlumatına görə bu barədə Kamboca parlamentinin deputatı Mosine Sos növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, kambocalı deputatlar Milli Məclisin dəvəti ilə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə ediblər: "Müşahidəçilərimiz səsvermə günü məntəqələr açılandan səsvermə bitənədək bütün proseslərdə iştirak ediblər. Onlar seçki məntəqələrində seçicilərlə ünsiyyətdə olub, namizədlərin tərəfdarları ilə görüşlərində iştirak ediblər. Bütün məntəqələrdə seçicilər üçün bütün lazımi şərait yaradılıb, onların təhlükəsizliyinin təmin olunması üçün bütün addımlar həyata keçirilib. Müşahidəçilər üçün də hər cür şərait yaradılmışdı. Səslərin sayılması da çox effektiv aparıldı, prosesdə bütün müşahidəçilər və siyasi partiyaların iştirakına imkan yaradıldı".
M.Sos bildirib ki, prezident seçkiləri şəffaf və azad keçirilib: "Bütün partiyalara seçkidə bərabər iştirak hüququ yaradılmışdı. Demokratik mühitin yüksək səviyyədə olduğunu vurğulamalıyıq. Heç bir pozuntu olmayıb, siyasi partiyalara diskriminasiya tətbiq edilməyib. Kamboca nümayəndə heyəti Azərbaycan hökuməti və xalqını demokratik və şəffaf seçkiyə görə təbrik edir".
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.