Bu gün Baş prokuror Kamran Əliyev Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç ilə görüşüb.
Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, qonağı səmimi salamlayan K.Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək bu əlaqələrin Türk xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət” kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.
Baş Prokuror sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri cinayət əməlləri barədə məlumat verərək bildirib ki, Türkiyə Respublikasının rəhbərliyi və xalqı hadisələrin ilk anından başlayaraq ölkəmizə öz mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya göstərib.
Qeyd edilib ki, Ermənistan Respublikasının rəhbərliyinin göstərişi ilə 4, 11 və 17 oktyabr tarixlərində mülki əhalinin sıx yaşadığı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhəri beynəlxalq səviyyədə qadağan edilmiş “Skad” raket qurğusundan atəşə tutulmuş və nəticədə ümumilikdə 63 nəfər həlak olmuş, onlardan 18-i qadın, 8-i uşaq olmuş, 292 nəfər yaralanmış, onlardan 69-u qadın, 32-i uşaq olmuş, 1981 yaşayış evinə, 90 çoxmərtəbəli binaya və 386 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan döyüş əməliyyatlarına xarici ölkələrin muzdlu döyüşçülərinin cəlb edilməsi, həmçinin dünya terror tarixində həmişə ön sırada olan “Asala” terror təşkilatının üzvlərinin də iştirak etmələri müəyyən edilib.
Eyni zamanda işğal olunmuş ərazilərimizdə bir neçə xarici şirkətlərin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilməklə, bu və digər qeyd edilən cinayət faktları ilə bağlı Baş Prokuroluq tərəfindən cinayət işləri başlanmış və müvafiq sənədləşdirmə aparılmaqla təqsirkar şəxslərin beynəlxalq müstəvidə ifşa edilərək cəzalandırılmalarını təmin etmək məqsədilə bütün mümkün olan tədbirlər görülməkdədir.
Səmimi qəbula görə təşəkkürünü bildirən Şərəf Malkoç Ermənistanın təxribat xarakterli əməllər törədərək dinc əhalinin sıx yaşadığı məntəqələrin qəsdən və hədəfli şəkildə atəşə tutulması ilə bağlı törədilən cinayət əməllərinin dünya ictimaiyyətinə çatdırılması ilə əlaqədar bəyanatla Birləşmiş Millərlər Təşkilatı və insan hüquqlarının müdafisəi üzrə beynəlxalq təşkilatlar qarşısında çıxış edəcəyini xüsusi vurğulayıb.
Ş.Malkoç bir millət, iki dövlət olaraq Türkiyənin daim qardaş Azərbaycan xalqının yanında olduğunu bildirmiş və onun haqq işini hər zaman olduğu kimi dəstəklədiyini qeyd edib.
Görüşdə maraq kəsb edən mövzular ətraflı müzakirə edilməklə faydalı fikir mübadiləsi aparılıb.
Görüşdə Ombudsman Səbinə Əliyeva da iştirak edib.