"Azərbaycan-İsrail əməkdaşlığının dərinləşməsi Cənubi Qafqazda sabitliyin təmin edilməsinə töhfə verir".
“Report” xəbər verir ki, bu barədə "NATO Association of Canada"nın baş elmi işçisi və bu QHT-nin Enerji Təhlükəsizliyi Proqramının direktoru Robert Katlerin “The Central Asia-Caucasus Analyst” jurnalında dərc olunan məqaləsində deyilir.
Ekspertin fikrincə, İsrailin Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin dərinləşməsi və bu ölkələrin iqtisadiyyatına göstərə biləcəyi əhəmiyyətli yardım bütün regionun sabitliyinə və təhlükəsizliyinə töhfə verir.
“Bu əlaqələr həmçinin Mərkəzi Asiya ölkələrinə Rusiya və Çinin təsirindən çıxmaq üçün daha bir “vektor” verir”, - Katler bildirib.
Müəllif qeyd edir ki, İsrail ilə Azərbaycan arasında daha sıx münasibətlərə yeni geosiyasi mənzərə kontekstində baxılmalıdır.
"Bu cür hadisələr həm də İsrailin Türkiyə və regionun digər ölkələri ilə əlaqələrinin əhəmiyyətli dərəcədə yaxşılaşmasını şərtləndirir. Artıq bir sıra Mərkəzi Asiya ölkələri ilə daha sıx münasibətlər qurulub. Məsələn, xarici işlər naziri Eli Kohen Bakıda görüşlər keçirdikdən sonra Aşqabadda İsrail səfirliyinin açılışında iştirak etmək üçün Türkmənistana səfər etmişdi”, - R. Katler qeyd edib.
Məqalədə vurğulanır ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan və xüsusən də, Ukraynaya qarşı təcavüzkar müharibəyə başladıqdan sonra Rusiyanın Cənubi Qafqazda nisbi strateji zəifliyi regionda sülh və sabitlik üçün yeni problemlər yaradır.
"Bu, İranın öz müttəfiqi Ermənistan vasitəsilə regiona getdikcə daha çox nüfuz etməsi üçün şəraitin yaranmasından qaynaqlanır. İsrail ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi İranın təsirinə tarazlaşdırıcı təsir edir və regional təhlükəsizlik üçün tərəfdaşlığa öz töhfəsini verir", - ekspert fikrini tamamlayıb.