Kenan Poleo: Azərbaycanın COP29-da “təmiz enerji” sahəsində iddialı planlar təqdim edəcəyini gözləyirik

Kenan Poleo: Azərbaycanın COP29-da “təmiz enerji” sahəsində iddialı planlar təqdim edəcəyini gözləyirik Hazırda Azərbaycan və Böyük Britaniya arasında illik ticarət dövriyyəsi 1,4 milyard funt sterlinqdən (1,814 milyard ABŞ dolları) çoxdur.
Xarici siyasət
31 Oktyabr , 2024 16:08
Kenan Poleo: Azərbaycanın COP29-da “təmiz enerji” sahəsində iddialı planlar təqdim edəcəyini gözləyirik

Azərbaycan və Böyük Britaniya arasında illik ticarət dövriyyəsi 1,4 milyard funt sterlinqdən (1,814 milyard ABŞ dolları) çoxdur.

Bu barədə "Report"a müsahibəsində Böyük Britaniyanın İstanbuldakı Baş konsulu, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Kenan Poleo bildirib.

O qeyd edib ki, müstəqillik əldə etdikdən sonrakı üç onillik ərzində Azərbaycan Britaniya ilə sıx ticarət əlaqələri saxlayır və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün hələ də əhəmiyyətli potensial mövcuddur:

"Buna nümunə Bakı sakinləri üçün ekoloji cəhətdən təmiz nəqliyyat həllərinin təmin edilməsi üzrə son tərəfdaşlıqdır. Son bir neçə ildə Azərbaycan Britaniyanın LEVC şirkətindən 252 elektrik taksi alıb, bunlardan 150-si COP29 iqlim konfransı ərəfəsində alınıb".

Onun sözlərinə görə, bu gün Azərbaycanda 450-dən çox Britaniya şirkəti fəaliyyət göstərir ki, onlardan da təxminən 50-si “təmiz enerji” sektorundadır.

Baş konsul vurğulayıb ki, 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda Britaniya biznesinin təşviqi üçün böyük imkanlar yaradacaq.

K.Poleonun sözlərinə görə, Britaniya Bakıda konfrans çərçivəsində “TheCityUK” (Britaniya maliyyə və əlaqəli peşəkar xidmətlərini təmsil edən sənaye təşkilatı) ilə birlikdə iqlim maliyyələşdirməsi üzrə, həmçinin iqlimə dair bir sıra digər tədbirlər keçirəcək.

"Biz “təmiz enerji” hədəflərinə nail olmaq üçün möhkəm təməl yaradaraq Azərbaycanda ən böyük xarici investor olaraq qalmağımızla qürur duyuruq. 2022-ci ildə Britaniyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 2 milyon funt sterlinqə (2,6 milyon ABŞ dolları) çatıb", - o bildirib.

Baş konsul qeyd edib ki, Britaniya şirkətlərinin konsorsiumu Azərbaycanla davamlı tikintini dəstəkləyərək Binaların İnformasiya Modelləşdirməsinin (Building Information Modelling - BIM) tətbiqi üzərində işləyir.

Onun sözlərinə görə, bütün bunlar tikinti sektoru üçün geniş imkanlar açır, enerji səmərəliliyini artırır, tullantıların miqdarını azaldır və Azərbaycanın ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahəsində məqsədlərinə nail olmasına kömək edir.

Baş konsul gözləyir ki, COP29 iqlim konfransında Azərbaycan hökuməti “təmiz enerji” və iqlim maliyyələşdirməsi sahəsində öz iddialı planlarını təqdim edəcək: “Burada Britaniya xüsusilə dekarbonizasiya, ofşor külək enerjisi və iqlim maliyyələşdirməsi sahələrində etibarlı tərəfdaş ola bilər”.

"Bakıdakı komandam tərəfdaşlığımızı genişləndirmək üçün Azərbaycanın innovativ aqrotexnoloji şirkətlərini 2025-ci ilin yanvarında keçiriləcək Böyük Britaniyanın kənd təsərrüfatı texnikası və texnologiyaları sərgisinə gətirməyə hazırlaşır", - K.Poleo vurğulayıb.

Son xəbərlər

Orphus sistemi