Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında baş tutacaq danışıqlarda əsas müzakirə mövzularından biri də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR) inkişaf etdirilməsi olacaq.
Bu barədə Qazaxıstanın “inbusiness.kz” nəşrində dərc olunmuş məqalədə deyilir.
“Report” xəbər verir ki, məqalədə Azərbaycanın Qazaxıstan üçün “Avropaya yeni pəncərə”yə çevrildiyi və Qazaxıstanda hasil olunan neftin alternativ ixrac yolunun məhz Bakıdan keçdiyi vurğulanır.
Qazaxıstanın Nəqliyyat İşçiləri İttifaqı - KAZLOGISTICS-in Baş direktoru Yerlan Absatov Trans-Xəzər marşrutunun kifayət qədər iş qabiliyyətli layihə olduğunu bildirib: “Əgər 2017-ci ildə Trans-Xəzər marşrutu ilə 500 konteyner daşımışıqsa, 2021-ci ilin yekunlarına əsasən bu göstərici 25 minədək artıb. Beləliklə, müsbət dinamika göz önündədir”.
Onun sözlərinə görə, Cənubi Qafqazdan keçməklə daşınan konteynerlərin həcmi 6 milyon ton təşkil edir, bu günə olan yüklülük 95 faizə çatıb. Bu marşrutla əsasən taxıl, kömür və metal daşınır.
Yerlan Absatov əlavə edib ki, daşımaların artması Trans-Xəzər marşrutunun hazırkı yükgötürmə qabiliyyətinin artırılması üçün siqnaldır.
Məqalədə o da qeyd olunur ki, müzakirə olunacaq əsas məsələlərdən biri bu marşrut üzrə daşımalar üçün vahid tarifin müəyyən edilməsi ilə bağlıdır.
Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Nəqliyyat Siyasəti və İnfrastruktur Departamentinin direktoru Zeynolla Axmetcanovun sözlərinə görə, məhz vahid tarifin qəbul edilməsi gələcəkdə Trans-Xəzər dəhlizinin rəqabətədavamlılığını təmin etməyə imkan verəcək. Artıq bir neçə ildir ki, TITR ölkələri arasında danışıqlar davam etdirilir.
Məqalədə maraqlı tərəflərin cari ilin aprel ayında vahid tarif dərəcəsi ilə bağlı razılığa gəldiyi qeyd olunur.
“Dövlət başçısının Bakıya gözlənilən səfəri çərçivəsində tranzit daşımalarla bağlı iki ölkənin nazirlikləri səviyyəsində iki memorandumun imzalanması planlaşdırılır”, - Axmetcanov deyib.