Kiyevdə “GuildHall” informasiya agentliyində ekspertlər, analitiklər, jurnalistlər və ictimai xadimlərin iştirakı ilə “Ukrayna - Azərbaycan: qlobal dünya düzəninə çağırışlar şəraitində strateji tərəfdaşlıq” mövzusunda dəyirmi masa keçirilib.
“Report” xəbər verir ki, dəyirmi masa çərçivəsində iştirakçılar 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra iki ölkə arasında əməkdaşlığın inkişafını təhlil ediblər.
“Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Yaroslav Bojko qeyd edib ki, 2022-ci ildə Ukraynanın xarici siyasətinin yeniləşməsinə başlanılıb. “Ukraynanın qarşısında Azərbaycanla dialoqu intensivləşdirmək vəzifəsi dayanır, çünki ötən il bütün əməkdaşlıq kanallarının nə qədər tələbatlı olduğunu göstərdi. Amma hətta Avropa səviyyəsində də Ukrayna və Azərbaycan arasında məhz siyasi dialoq perspektivini sübut edə biləcək yaxşı nümunələr var”, - o bildirib.
Energetika üzrə ekspert, “Naftoqaz Ukrayna” milli səhmdar cəmiyyətinin kommunikasiyalar üzrə keçmiş direktoru, “Zaporijabraziv” özəl səhmdar cəmiyyətinin Müşahidə Şurasının rəhbəri Maksim Bilyavski Azərbaycandan olan həmkarlarına Ukraynanın enerji sektorunun dəstəklənməsinə verdikləri töhfələrə görə təşəkkürünü bildirib, o cümlədən SOCAR-ın verdiyi töhfəni qeyd edib. “Energetika sahəsində əməkdaşlığın ən uğurlu nümunəsi 2009-cu ildə Ukraynada SOCAR-ın nümayəndəliyinin açılmasıdır. Bu gün şəbəkə inkişaf edir, lakin ölkədəki 7 minə yaxın yanacaqdoldurma məntəqəsi fonunda 60 yanacaqdoldurma məntəqəsi azdır”, - natiq söyləyib. M.Bilyavskinin sözlərinə görə, Ukrayna ərazisində Şərqi Avropa qaz qovşağının yaradılması, alternativ enerji sahəsində ümumi layihələr, “Brodı-Adamovo-Zastava” boru kəmərinin tikintisi ilə yeni neft nəqliyyat dəhlizinin yaradılması, Azərbaycanın Ukraynada neft emalı zavodlarının ümumi idarəçiliyinə cəlb edilməsi, istilik elektrik stansiyalarının modernləşdirilməsi üzərində işlərin aparılması və s. əməkdaşlığın çox perspektivli istiqamətləridir.
Ordu, Çevrilmə və Silahsızlanma Araşdırmaları Mərkəzinin Cənubi Qafqaz filialının rəhbəri Vladimir Kopçak onlayn rejimdə “Qarabağ uğrunda müharibə və Rusiya-Ukrayna müharibəsi: ortaq məqsədlər, təcrübə, analoqlar tələsi” mövzusunda çıxış edib.
Yaxın Şərq Araşdırmaları Mərkəzinin eksperti Vera Konstantinova isə, öz növbəsində, Ukrayna ilə Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışıb.
Onun sözlərinə görə, Ukrayna və Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri beynəlxalq hüquq normalarının və dövlətin ərazi bütövlüyünün qorunmasıdır və bu, ölkələrimizin xarici diplomatiyada səylərini birləşdirə biləcəyi mühüm aspektdir.
“İşğal edilmiş ərazilərin bərpası, o cümlədən də ərazilərin minalardan təmizlənməsi üzrə Azərbaycanın təcrübəsi bizim üçün vacibdir. Həmçinin beynəlxalq platformalar çərçivəsində müharibə cinayətləri haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması mühüm vəzifədir”, - V.Konstantinova deyib.
Nəqliyyat və logistika sahəsində azərbaycanlı ekspert Rauf Ağamirzəyevin sözlərinə görə, Rusiya tərəfindən nəqliyyat marşrutlarının bağlanması şəraitində hazırda Ukrayna ilə Azərbaycan arasında logistikanı təmin etmək üçün alternativ imkanların tapılması cəhdləri davam edir.
Ekspert qeyd edib ki, belə həll yollarından biri 2023-cü ilin martında Bakı ilə Kişinyov arasında hava əlaqəsinin açılması olacaq. “Bakıdan Varşava və Budapeştə uçuşlar var, lakin viza rejiminə görə bu reyslər azərbaycanlılar üçün əlverişsizdir. Bakı-Kişinyov reysi isə Ukraynadan Azərbaycana və əks istiqamətdə getməyi asanlaşdıracaq”, - o əlavə edib.
R.Ağamirzəyev söyləyib ki, Ukrayna nəqliyyat axınını limanlardan dəmir yolu nəqliyyatına yönləndirir və Polşa, Rumıniya, Slovakiya və Macarıstanla sərhəddə əlavə sərhəd məntəqələri açılır: “Ola bilsin ki, Ukrayna və Azərbaycan arasında yeni nəqliyyat marşrutlarının axtarışında məhz onlara diqqət yetiriləcək”.
Analitik, Azərbaycan İctimai Televiziyasının jurnalisti Heydər Mirzə onlayn rejimdə Ukrayna ilə Azərbaycan arasında media və jurnalistika sahəsində əməkdaşlıqdan ətraflı danışıb. Onun sözlərinə görə, Ukrayna və Azərbaycan media nümayəndələri arasında münasibətlər İkinci Qarabağ müharibəsi zamanı intensivləşib. Heydər Mirzə bildirib ki, həm Ukrayna və Azərbaycan ekspertləri, həm də jurnalistləri arasında əməkdaşlıq və ünsiyyət platformaları hazırlamaq lazımdır.