Ukraynanın paytaxtı Kiyevin mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyi ilə bağlı təntənəli rəsmi qəbul keçirilib.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə səfir Elmira Axundova, Ukraynanın xarici işlər nazirinin müavini Dmitri Senik, Ukraynada akkredita olunmuş bir sıra xarici ölkələrin səfirləri, attaşeləri, diaspor nümayəndələri, yerli ictimaiyyət və media mənsubları iştirak ediblər.
E.Axundova mərasimi açaraq qonaqları salamlayıb və bu günün tarixi barədə məlumat verib. 103 il əvvəl Şərqdə ilk demokratik respublika olan Azərbaycan Cümhuriyyətinin yaranmasından bəhs edib. Səfir təəssüflə xatırladıb ki, ilk müstəqil respublikanın mövcudluğu 1920-ci ilin aprelində Azərbaycanın bolşeviklər tərəfindən işğalı nəticəsində sona çatıb.
O vurğulayıb ki, işğaldan sonra Azərbaycan 70 il SSRİ-nin tərkibində böyük sınaqlarla üz-üzə qaldı: “1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində digər müttəfiq respublikalarla birlikdə Azərbaycan da müstəqilliyə qovuşdu. Lakin müstəqilliyimizin ilk illəri qonşu Ermənistanın təcavüzü və ərazilərimizin 20 faizinin işğalı kimi hadisələrlə kölgələndi. Hərbi-siyasi böhran Azərbaycanı fəlakətə aparırdı. 1993-cü ilin iyun ayında Azərbaycan xalqı qeyd-şərtsiz inandıqları siyasətçini seçərək Qurtuluş missiyasını yerinə yetirməyi ona həvalə etdi. Bu dahi siyasətçi, vətəndaş müharibəsini dayandırdı, ölkənin parçalanmasının qarşısını aldı və güclü ordu yaratdı. O, Azərbaycanın həmin çətin dövrdən çıxmasına və həqiqətən tarixi bir irəliləyiş əldə etməsinə kömək edən neft müqavilələrini imzaladı. Keçmiş SSRİ-də sözlə deyil, əməllə ilk olaraq torpağa xüsusi mülkiyyət elan edərək Azərbaycan kəndlisinə qaytarılmasını təmin etdi, dövlət və hakimiyyət institutlarını bərpa edib gücləndirdi, ölkədəki siyasi vəziyyəti sabitləşdirdi, milli iqtisadiyyatı canlandırdı və müxtəlif sahələrdə bazar islahatlarını həyata keçirməyə başladı. Əgər Heydər Əliyev dövlətin qurulması, millətin xilası məsələlərini həll edirdisə, onun layiqli davamçısı İlham Əliyev dövlətin dünya birliyində özünütəsdiq vəzifəsini yerinə yetirirdi. Prezident İlham Əliyevin fəaliyyəti şəxsiyyətin tarixdəki rolunun böyük və mübahisəsiz olduğunu bir daha sübut edir. Dövlət başçımız ölkəmizi post-industrial cəmiyyətə uyğunlaşdırmaq üçün möhtəşəm bir plan həyata keçirdi...”
Səfir qeyd edib ki, 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsinin 30-cu ili tamam oldu: “2020-ci ilin payızı Azərbaycan üçün "həqiqət anı" oldu. Ermənistanın bir sıra təxribatlarından sonra Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş əraziləri azad etmək üçün uğurlu antiterror əməliyyatına başladı və 8 noyabrda parlaq qələbə ilə başa çatdırdı. Biz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini də yerinə yetirmiş olduq. Ərazi bütövlüyünün tamamilə bərpası bir çox amillər, ilk növbədə Azərbaycanın iqtisadi və müdafiə potensialının uğurlu inkişafı, habelə xalqın və hakimiyyətin birliyi və həmrəyliyi sayəsində mümkün oldu. "Qarabağ-Azərbaycandır və nida işarəsi" ifadəsi tarixi qələbəmizin simvolu oldu. 28 il sonra işğaldan azad edilmiş Şuşa isə İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi”.
E.Axundova daha sonra iki ölkə arasında əlqələrdən danışıb, təbriklərini çatdırıb: “Bütün həmvətənlərimi Respublika Günü münasibətilə təbrik edirəm! Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan-Ukrayna dostluğu!”.
Ukraynanın xarici işlər nazirinin müavini Dmitri Senik isə bildirib ki, 1919-cu ildə Ukrayna Xalq Respublikası ilə Azərbaycan Demokratik Respublikası arasında diplomatik əlaqələr qurulub: “Həmin vaxt hər iki ölkənin diplomatik korpusları fəaliyyətə başlayıb. Azərbaycanla Ukrayna xalqları arasında tarixi münasibətlərin olduğunu deyən D.Senik vurğulayıb ki, bu gün Azərbaycan Ukraynanın etibarlı dostu və strateji tərəfdaşıdır, iki dövlətin liderləri arasında etibarlı münasibətlər, əməkdaşlıq qurulub”. Nazir müavini həmçinin yaxın gələcəkdə Ukraynanın Baş naziri Denis Şmıqalın Azərbaycana səfərinin planlaşdırıldığını qeyd edərək iki ölkə arasında əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Türkiyənin Ukraynadakı səfiri Yağmur Ahmet Güldere Elmira Axundova başda olmaqla səfirliyin əməkdaşları ilə birgə xatirə şəkili çəkdirib, “bir millət, iki dövlət” şüarını səsləndirərək Azərbaycanı Respublika Günü münasibəti ilə təbrik edib. Bildirilib ki, uzaq bir ölkədə də Türkiyə və Azərbaycan səfirləri səmimi və isti münasibətlərlə hərəkət edirlər.
Tədbir Ukrayna Xalq artisti Qurban Abbasov və Natalya Kudryaşovanın ifasında musiqi nömrələrində bədii hissə ilə davam edib.