Ukrayna Böhran Media Mərkəzində “Ukrayna - Azərbaycan: qlobal dünya nizamına çağırışlar qarşısında strateji tərəfdaşlıq. Üçüncü dialoq” mövzusunda dəyirmi masa keçirilib.
“Report” xəbər verir ki, Kiyev və Bakıda videobağlantı vasitəsilə tədbirə qoşulan qonaqlar Ukrayna ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın optimallaşdırılması və intensivləşdirilməsi imkanlarını müzakirə ediblər.
“Azərbaycan çox etibarlı tranzit tərəfdaşıdır və ilk dəfə deyil ki, çətin vəziyyətlərdə həll yollarını axtarmağa kömək edir”, - Ukraynanın İcmalar, Ərazilər və İnfrastrukturun İnkişafı Nazirliyinin Beynəlxalq Avtomobil Nəqliyyatı Departamentinin rəhbəri Katerina Onişşenko deyib.
Ukrayna Ali Radasının deputatı, Energetika və mənzil-kommunal təsərrüfatı komitəsinin üzvü, enerjiyə qənaət və enerji səmərəliliyi üzrə alt komitənin rəhbəri Sergey Naqornyak isə Ukraynanın enerji sisteminin bərpasında mümkün əməkdaşlıq mövzusuna toxunub: “Mən azərbaycanlı tərəfdaşları bu proseslərdə iştiraka dəvət etmək istərdim, çünki onlar bazarda layiqli rəqib ola bilərlər. Ukraynada təkcə energetika sahəsinin bərpası milyardlarla dollar məbləğində qiymətləndirilir”.
Enerji, neft və qaz bazarı üzrə ekspert Kənan Cəfərov isə Ukrayna ilə Azərbaycan arasında neft-qaz sahəsində əməkdaşlığı qeyd edib, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolundan danışıb: “2022-ci ildə Avropaya təbii qaz tədarükünün şaxələndirilməsi məsələsi aktual idi. Azərbaycan isə Avropanın enerji təhlükəsizliyini təmin etmək və dəstəkləmək üçün addımlar atmış ilk beş ölkə sırasındadır. 2027-ci ilə qədər Avropa bazarına təbii qaz tədarükünü 17-20 milyard kubmetrə çatdırmaq qarşıya məqsəd qoyulub”.
Sonda tədbirin moderatoru Marına Qonçaruk yeni ekspertləri və analitikləri dialoq platforması çərçivəsində əməkdaşlığa dəvət edib, ukraynalı və azərbaycanlı həmkarlar arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.