ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətsiz mövqeyi, təəssüflər olsun ki, dəyişməyib.
"Report" xəbər verir ki, bu barədə deputat Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra vasitəçi ölkələr tərəfindən hazırlanan TŞ Prezidentinin (rotasiya qaydasına uyğun olaraq oktyabr ayı üçün Rusiyadır) bəyanatının layihəsi bunu bir daha təsdiqlədi:
"Təəssüflər olsun ki, bəyanat layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almayıb. Məsələ burasındadır ki, son 25 ildə ilk dəfə idi ki, Qarabağ məsələsi Təhlükəsizlik Şurasında müzakirə olunurdu. Bununla belə, həmsədrlər tərəfindən hazırlanmış bəyanat layihəsi yenə məzmunsuz və ünvansız idi. Bu vaxta qədər elə həmsədrlərin fəaliyyəti kimi – işğalçı ilə işğala məzruz qalan tərərflər arasında fərq yenə gözə çarpmırdı. Həmsədrlərin bu mövqeyi onların erməni təəssübkeşliyinin növbəti nümunəsidir. Vasitəçilərin Təhükəsizlik Şurasının qətnamələrinə bu münasibəti həmsədrlərin özlərinin ifşası deməkdir. Çünki Təhlükəsizlik Şurasının qətnamələri 1993-cü ildə yekdilliklə qəbul edilib və hər üç həmsədr ölkə qətnamələrin lehinə səs verib. 27 ildən sonra Azərbaycan ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl, Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin bir hissəsinin icrasını özü təmin etdi. Maraqlıdır ki, TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin - layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif edib. Lakin həmsədr ölkələr bunun qəbul edilməz olduğunu bildiriblər.
Həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq, QH ölkələri prinsipial mövqe nümayiş etdirərək TŞ qətnamələrinə istinadın yer almasında təkid ediblər. Bundan sonra həmsədr ölkələr bəyanat layihəsini geri çəkiblər. Bu, bir daha təsdiqləyir ki, münaqişənin indiyə qədər həll olunmamasının günahkarı Ermənistan və Minsk Qrupunun həmsədr ölkələridir.
Qoşulmama Hərəkatı ölkələrinin ədaləti, beynəlxalq hüququ dəstəkləməklə Hərəkatın prinsiplərinə, dəyərlərinə sadiqliyi isə təqdirəlayiq haldır. Bu, həm də QH-nin beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu göstərir. Azərbaycanın qısa müddətdə məhz belə bir təşkilatın sədri seçilməsi isə rəsmi Bakının diplomatik uğurlarından biridir".