"Azərbaycan və Belarus münasibətləri nəinki qoruyub saxladı, hətta inkişaf etdirdi".
“Report” BELTA-ya istinadən xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkədə diplomatik missiyasının başa çatması münasibətilə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovu qəbul edərkən bildirib.
Prezident iki xalq arasında mehriban və sıx dostluq münasibətləri qurulduğunu vurğulayıb.
“Biz tez-tez bunu “qardaşlıq münasibətləri” adlandırırıq. Bu, Sovet İttifaqı dövründən qalma yaxşı münasibətlər nümunəsidir: bir vaxtlar biz eyni dövlətin tərkibində olarkən yaxşı, gözəl münasibətlərimiz var idi. Biz bu münasibətləri nəinki qoruyub saxladıq və inkişaf etdirməyə nail olduq. Təbii ki, sizin də bu işdə payınız az deyil. Siz xalqımızın əsl dostusunuz. Ümid edirəm ki, bundan sonra harada işləməyinizdən asılı olmayaraq, Belarus hər zaman qəlbinizdə qalacaq”, - A.Lukaşenko görüş zamanı deyib.
O, Belarusda baş verən mürəkkəb proseslərə anlayışla yanaşdığına görə azərbaycanlı diplomata minnətdarlığını bildirib.
Prezident həmçinin Belarus tərəfinin ötən il Azərbaycan və Ermənistan arasında kəskinləşmiş münaqişədən narahatlıq keçirdiyini söyləyib: “Əsasən Azərbaycanın və Prezidentinizin tutduğu mövqe sayəsində vəziyyəti sabitləşdirməyə və mövcud problemlərin sülhlə həlli yoluna gəlməyə nail oldunuz. Əlbəttə, sülhə aparan yol hələ indi başlayır. Həm erməni, həm də Azərbaycan xalqı sakit, dinc həyata layiqdir”.
Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişafı haqqında danışarkən A.Lukaşenko Belarusun hər zaman texniki və texnoloji yardım göstərməyə hazır olduğunu, Belarusa karbohidrogen xammalının tədarükünə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Səfir Lətif Qəndilov Azərbaycan və Belarus münasibətlərinin möhkəm əsasa malik olduğunu, qarşıya vacib məqsədlər qoyduqlarını bildirib: “Bu illər ərzində qarşıya qoyulan bütün məqsədlərə çata bildik. Aramızda həll edilməmiş məsələlər, həll edilməmiş problemlər yoxdur. Belarus bizim üçün qardaş dövlətdir".