İyunun 13-də Azərbaycan Respublikasının birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olublar.
“Report” xəbər verir ki, qonaqlar gəzintiyə dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıblar. Türkiyə Respublikasının birinci xanımına bu qədim abidənin tarixi barədə ətraflı məlumat verilib.
Daha sonra qonaqlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumatlandırılıblar.
İçərişəhərdə qədim tarixi-mədəni abidələrdən biri olan "Hacı Bani" hamamı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan İçərişəhərdə olub.
“Report” xəbər verir ki, o bu barədə tviterdə paylaşım edib.
O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə birlikdə İçərişəhərə getdiyini bildirib.
Ə.Ərdoğan qeyd edib ki, bu ərazi UNESCO tərəfindən qorunan, müxtəlif mədəniyyətlərin izlərinə sahib nadir bölgələrdəndir:
“Burada əl əsərlərinin hər birinə heyran olmamaq mümkün deyil. Həm ölkənin, həm də Türk mədəniyyətinin brendləşməsi naminə bu layihəni həyata keçirən hər kəsi ürəkdən təbrik edirəm”.