Meksikanın Mexiko şəhərində 2020-ci ilin 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
Bu barədə “Report”a Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən bildirilib.
Meksikanın ən əlamətdar milli günlərindən sayılan və vəfat etmiş insanları yad etmək üçün qeyd olunan Ölülər Günü münasibətilə Mexiko Şəhər hökumətinin təşəbbüsü və respublikamızın səfirliyinin dəstəyi ilə Mexikoda yerləşən “La Ermita” Mədəniyyət Mərkəzində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş guşə yaradılıb. Guşə iki gün ərzində şəhər sakinləri tərəfindən maraqla ziyarət edilib.
Şəhid qəhrəmanlarımızın şəkillərinin yer aldığı xatirə guşəsi həm Azərbaycan, həm də Meksika mədəniyyətinə xas özəllikləri özündə ehtiva edib, Ölülər Günü ilə bağlı yerli Meksika adətləri ilə yanaşı, xalqımıza məxsus milli ornamentlərdən istifadə olunub.
Tədbirdə iştirak edən ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov iştirakçılara Azərbaycanın uzun illər boyu üzləşdiyi erməni təcavüzü və Vətən müharibəsi dövründə qəhrəmanlarımızın şücaəti barədə məlumat verib.