“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir”.
Bunu “Report”a açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan başa düşür ki, ölkəsinin firavan gələcəyi ondan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağı, o cümlədən nəqliyyat əlaqələrini bərpa etməyi tələb edir: “Bu, yeni ticarət və investisiyalara, iş yerlərinin açılmasına, iqtisadi artıma, çiçəklənməyə və Ermənistanın özü üçün siyasi sabitliyə gətirib çıxaracaq. Son illər Paşinyan açıq şəkildə bəyan edib ki, o, Azərbaycanla sülh istəyir. O, doğrudan da, Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyir. Lakin ona indiyədək Qarabağdakı keçmiş radikal millətçi rejim və qeyri-qanuni hərbi birləşmələr mane olurdu. İkinci Qarabağ müharibəsindən üç il sonra həmin ekstremist millətçi rejim və Ermənistanın qeyri-qanuni hərbi birləşmələri Qarabağdan çıxarıldı, yəni sülh müqaviləsinin qarşısında duran son maneələr aradan qaldırıldı”.
Ekspert hesab edir ki, Nikol Paşinyan sülh müqaviləsi üzrə danışıqları intensivləşdirəcək və Ermənistanı iqtisadi tərəfdaş kimi Azərbaycan və Türkiyə ilə əməkdaşlıq içərisində firavan gələcəyə aparacaq: “Bunu gözləyirəm. Ancaq sözügedən proses hələ bir az vaxt aparacaq, çünki Azərbaycan və Türkiyə ilə davam edən gərginlikdən qazanc və mənfəət əldə edən kifayət qədər erməni siyasətçilər var. Amma fikrimcə, Ermənistanda sülhsevər siyasi qüvvələr getdikcə güclənir”.