Türkiyəli səyyah: "Milli bayramımızı Qarabağda qeyd etməkdən qürur duyuruq"

Türkiyəli səyyah: "Milli bayramımızı Qarabağda qeyd etməkdən qürur duyuruq" "Bu gün Türkiyənin Respublika Günüdür və milli bayramımızı Qarabağda qeyd etməkdən qürur duyuruq".
Xarici siyasət
29 Oktyabr , 2022 13:38
Türkiyəli səyyah: Milli bayramımızı Qarabağda qeyd etməkdən qürur duyuruq

"Bu gün Türkiyənin Respublika Günüdür və milli bayramımızı Qarabağda qeyd etməkdən qürur duyuruq".

Bunu “Report”a açıqlamasında Türkiyə Səyyahlar Klubunun üzvü Səlahəddin Eyyuboğlu deyib.

“Biz haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaq üçün hər daim bir yerdə olmalı, qardaş xalqlar olaraq bir-birimizdən dəstəyimizi əsirgəməməliyik. Böyük arzu və sevinclə işğaldan azad edilən ərazilərə səfərə gəldik. Lakin təəssüf ki, burada ermənilərin törətdikləri vəhşiliyi öz gözlərimizlə gördük və bu bizi dərindən üzdü. Ermənilər 30 il ərzində salamat bir bina belə qoymayıb, 44 günlük müharibə dövründə isə Azərbaycan əsgəri qarşısında tab gətirə bilməyərək qaçıblar” - o bildirib.

Klub üzvü vurğulayıb ki, ermənilər təkcə Qarabağda yox, Türkiyədə də vəhşiliklər törədib, türklərə böyük əziyyətlər, işgəncələr ediblər: “Bu gün də türk torpaqlarında ermənilərin vəhşiliklə qətlə yetirdikləri insanların kütləvi məzarlıqları aşkarlanır. Qərb və onlara himayədarlıq edən dövlətlər isə bu vəhşilikləri görmür. Çünki bir çox Qərb dairələri və beynəlxalq təşkilatlar erməni lobbisinin oyuncağına çevrilib”.

S.Eyyuboğlu Azərbaycanın arxasında böyük türk xalqının dayandığını söyləyib: “Biz qardaşlarımızla birgə bütün çətinliklərin öhdəsindən gələcəyik. Ədalət isə gec-tez bərpa olunacaq və ermənilər törətdikləri vəhşiliklərə görə cavab verməli olacaqlar”.

Xatırladaq ki, səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, “Nomadmania”) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfərlər təşkil edilib. Hazırda sayca beşinci olan bu səfərlər nəticəsində 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, budəfəki heyətə “Türkiyə Gəzginlər Klubu”nun prezidenti, “Nomadmania”nın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi