Azərbaycan ilə Serbiya arasında münasibətlər yüksək səviyyədədir və bundan sonra da belə olacaq.
Bu barədə “Report”a açıqlamasında serbiyalı politoloq Mirko Dautoviç deyib.
Politoloqun sözlərinə görə, Belqrad və Bakı arasında müxtəlif sektorlarda, ilk növbədə enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın artması tendensiyası müşahidə olunur.
O qeyd edib ki, 2023-cü ilin noyabrında Azərbaycan təbii qazının tədarükünə dair müqavilə imzalandıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev Serbiyaya işgüzar səfər edib və Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı olub.
Politoloq xatırladıb ki, Prezident İlham Əliyev həmin gün pilotsuz uçuş aparatları (PUA), PUA sistemləri və Serbiya istehsalı olan digər hərbi texnikanın, xüsusi paraşüt bölmələrinin nümayişində iştirak edib: “2024-cü ilin fevral 1-də iki ölkə arasında hərbi əməkdaşlıq planı imzalanıb. Bu onu deməyə əsas verir ki, enerji ilə yanaşı, ölkələrimiz arasında hərbi diplomatiya da inkişaf etmiş səviyyədədir”.
M.Dautoviç Azərbaycanın Avropa Şurasında Serbiyaya dəstəyini xatırladaraq bildirib ki, Bakı və Belqrad ərazi bütövlüyü məsələlərində hər zaman eyni fikirdədir: “2023-cü ilin aprelində Kosovonun Avropa Şurasına daxil olması üçün aktiv kampaniya aparıldı. Azərbaycan Avropa Şurasının nüfuzlu üzvü olmaqla Kosovonun üzvlüyünə qarşı səs verərək Serbiyanı dəstəkləyib”.