Moskvada AZƏRTAC-ın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.
“Report”un Rusiya bürosunun məlumatına görə, sərgi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilib.
Sərgidə AZƏRTAC-ın fotoxronikasında saxlanılan və Ümmummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əsk etdirən 50-ə yaxın unikal fotoşəkil sərgilənir.
Ulu Öndərin Rusiyanın tanınmış siyasi, ictimai və mədəniyyət xadimləri ilə görüşləri, mətbaut konfransları, Rusiyanın müxtəlif regionlarına səfərləri əbədiləşdirilmiş fotomateriallar ziyarətçilərdə xüsusi maraq doğurub.
Tədbirin açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları, Rusiya mədəniyyətinin və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərginin əhəmiyyətini vurğulayaraq, qeyd edib ki, burada çox unikal şəkillər toplanıb.
“Sərgidə hətta mənim də ilk dəfə gördüyüm fotolar var. Heydər Əliyevin 100 illik yubileyi Vladivostokdan başlayaraq Kaliniqradadək Rusiyanın bütün regionlarında geniş qeyd olunur və bu, məni çox sevindirir. Bu, Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafında böyük xidmətlərindən xəbər verir”, - deyə səfir vurğulayıb.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə açılmış Azərbaycan Mədəniyyət Mərkəzində dahi siyasətçi və ictimai xadim Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərginin təşkili əlamətdar hadisədir.
“Sərgi bir ay ərzində fəaliyyət göstərəcək və mən əminəm ki, moskvalılar Ulu Öndərin təkcə doğma Azərbaycanına deyil, eləcə də ikitərəfli müansibətlərə verdiyi misilsiz töhfəni dəyərləndirəcəklər”, - deyə T.Əhmədova diqqətə çatdırıb.
Qeyd edək ki, sərgi 2024-cü il yanvar ayının 10-na kimi davamedəcək.