Azərbaycan Respublikasının Moskvadakı səfirliyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
“Report”un Rusiya bürosu xəbər verir ki, səfirliyin binası qarşısında şəhidlərin xatirəsinə stend quraşdırılıb. Hər kəsə stend qarşısına gül qoymaq və faciə qurbanlarının xatirəsini yad etmək imkanı yaradılıb. Tədbir 1 dəqiqəlik sükutla başlayıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib və bu cür tədbirin keçirilməsinin Azərbaycan xalqı üçün əhəmiyyətini vurğulayıb: “Qeyd etməliyəm ki, bu 30 il ərzində Azərbaycanda Vətən uğrunda ölməyə hazır olan və canlarından keçən bir nəsil yetişib. Azərbaycan dövləti münaqişəni sülh yolu ilə həll etmək üçün əlindən gələni etdi, lakin bu çağırışlar layiqincə qiymətləndirilmədi. Ermənistan rəhbərliyinin çoxsaylı təxribatları diplomatik həll prosesinə son qoydu. Ölkəmizin ərazi bütövlüyünü müdafiə edən ordumuz bütün dünyaya Azərbaycan silahının gücünü nümayiş etdirdi”.
Azərbaycan səfiri həmçinin İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycana göstərdikləri dəstəyə görə Pakistanın Rusiyadakı səfiri Şəfqət Əli Xana, həmçinin Pakistan və Türkiyə səfirliyinin diplomatlarına öz minnətdarlığını bildirib.
Səfir hazırda Qarabağın azad edilmiş ərazilərində bərpa işlərinin aparıldığını bildirib: “Bütün bu vaxt ərzində Şuşada idim, atamın evini bərpa edirdim. Hər dəfə Şuşaya daxil olanda sözlə ifadə olunması mümkün olmayan qürur, həmçinin xalqımın, ordumun və prezidentimin gücünü dərk etmək hissi keçirirəm. Qarabağdakı şəhər və kəndlərimiz sürətlə bərpa olunur. Dağıdılmış Füzulidə 8 ay ərzində beynəlxalq hava limanı tikilib. Tikinti məsələləri ilə yaxından tanış olan bir mühəndis bu yaxınlarda Moskvada dedi ki, bu sadəcə inanılmazdır. Təkcə hava limanının layihəsinin hazırlanmasına il yarım – 2 il vaxt tələb olunur. Səkkiz ay ərzində hava limanının tikilməsi Azərbaycanın və şübhəsiz ki, Prezidentimiz İlham Əliyevin nailiyyətidir”.
Tədbirin sonunda qonaqlara İkinci Qarabağ müharibəsinə həsr olunmuş sənədli film nümayiş olunub.