Türkiyədə güclü meşə yanğınlarına məruz qalan vilayətlərdən biri Muğlada da azərbaycanlı yanğınsöndürənlər və FHN-in digər əməkdaşları aktiv şəkildə fəaliyyət göstərir.
"Report"un yerli bürosuna müsahibə verən Muğla Meşə Təsərrüfatı İdarəsinin rəisi Yasin Yaprak yanğının necə baş verməsi və yayılmasından, həmçinin azərbaycanlı yanğınsöndürənlərin fəaliyyətindən bəhs edib:
"Yanğınlar başlayan saatdan etibarən cəmi 10 dəqiqə sonra alovu söndürmə istiqamətində fəaliyyətə keçmişdik. Ancaq həmin gün hava şəraiti də yanğının şiddətlənməsi üçün olduqca əlverişli idi. Belə ki, yanğının baş verdiyi gün küləyin sürəti saatda 40-45 km, havanın temperaturu isə 40 dərəcə təşkil edirdi".
Alovun söndürülməsi istiqamətində görülən işlərdən danışan idarə rəisi Muğla vilayətindəki yanğının qismən nəzarət altına alındığını deyib.
Azərbaycanlı yanğınsöndürənlərin peşəkarlığına və intensiv dəstəyinə toxunan Yasin Yaprak onların hər birinə, habelə Azərbaycan rəhbərliyinə təşəkkür edib: "Günlərdir davam edən çətin və təhlükəli yanğınsöndürmə əməliyyatlarında bizə dəstək olan qardaş Azərbaycana, azərbaycanlı yanğınsöndürənlərə və onların göndərilməsini təmin edən ölkə rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Onlarla birlikdə apardığımız fəaliyyət çox əlverişli oldu, buradakı əməliyyatlarda da öz peşəkarlıqlarını nümayiş etdirdilər".