Otuz mindən çox azərbaycanlının yaşadığı Odessa vilayətində Azərbaycan diasporunun “Birlik” ofisi - "Azərbaycan Evi"nin açılışı olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, açılış mərasimində Komitə, Odessa meriyası, Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm Baş idarəsinin nümayəndələri təmsil olunub.
“Birlik” təşkilatının İdarə Heyətinin sədri Rövşən Quliyev qonaqları salamlayaraq, "Azərbaycan Evi"nin açılmasının diasporun təşkilatlanması yolunda atılmış mühüm addım olduğunu diqqətə çatdırıb.
Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Daşqın Rəcəbli bu gün dünyanın müxtəlif ölkələrindəki Azərbaycan evlərinin uğurlu fəaliyyətini qeyd edib və “Birlik”ofisi - "Azərbaycan Evi"nə, o cümlədən Odessada yaşayan soydaşlarımıza uğurlar arzu edib.
Komitənin şöbə müdiri Ruslan Quliyev Ukrayna və Azərbaycanın dostluq münasibətlərinin qədim tarixə malik olması və bu münasibətlərin bu gün də uğurla davam etməsi barədə fikirlərini bölüşüb.
Odessa vilayətinin Azərbaycan diasporu idarə heyətinin üzvü Fazil Əsgərov "Azərbaycan Evi"nin açılmasını məqsədəuyğun hesab etdiyini və bu addımı Ukraynadakı diasporumuza göstərilən qayğı kimi qiymətləndirdiyini bildirib.
Açılış mərasiminə qatılan Odessa Şəhər Meriyası Mədəniyyət və Turizm şöbəsinin müdiri Tatyana Markova çıxış edərək, Azərbaycan diasporuna uğurlar arzu edib.
Odessada bu günə qədər mövcud olan 3 Azərbaycan diaspor təşkilatının birləşməsi nəticəsində yaranan “Birlik” təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi və onun nəzdində mədəni-məlumat mərkəzi, hüquqi yardım və məsləhət xidməti, həftəsonu Azərbaycan məktəbi, həmçinin rəqs məktəbinin təşkili planlaşdırılır.