Azərbaycanda “Mediasiya haqqında” qanun Qazaxıstan, Qırğızıstan və Özbəkistandan sonra qəbul edilsə də, bu sahə sürətlə inkişaf edir.
Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkdilli Dövlətlərin Mediatorlarının I Beynəlxalq Qurultayında iştirak edən Özbəkistanın keçmiş ədliyyə naziri, peşəkar mediator Foziljon Otaxonov deyib.
Mediator deyib ki, qurultayda Azərbaycanın 85 nəfərlik heyətlə təmsil olunması bu inkişafın göstəricisidir: “Özbəkistan isə tədbirdə 4-ü professor olmaqla 13 nəfər heyətlə iştirak edir. Bu kimi görüşlər ölkələr arasında qarşılıqlı anlayışa, yardıma və gələcək əməkdaşlığa töhfə verəcək”.
O, mediatorluq fəaliyyətinin türk dünyasının güclənməsindəki roluna da toxunub: “Türk dövlətləri bu sahədə yaxından əməkdaşlıqla daha da güclənə bilər. Sentyabrın 9-11-də Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasında ortaq türk əlifbası üzərində ümumi razılıq əldə olunub. Növbəti mərhələlərdə türk dövlətləri olaraq qanunları təkmilləşdirdikcə əməkdaşlıqlar daha da asanlaşacaq, sərhəd mübahisələrinə son qoyulacaq. Eyni zamanda əgər vahid qanunlar olsa, qərarları da rahat qəbul edərik. Bu, həm də mediatorlar vasitəsilə xalq diplomatiyası deməkdir”.