“Ermənistanı dəstəkləyənlər beynəlxalq humanitar hüququn və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasında iştirak edirlər”.
Bunu Pakistan-Azərbaycan-Türkiyə Gənclər forumunun rəhbəri, hazırda Pakistanda yaşayan Musavar Hamid Tanoli “Report”a açıqlamasında bildirib.
O, ermənilərin məscidləri dağıtmasını vandalizm adlandırıb:
“Ermənistan Azərbaycan ərazilərində hərbi cinayətlər törədib. BMT-nin ixtisaslaşmış qurumu UNESCO tarixi məscidlər kimi dini yerlərin məhv edilməsini pisləyir. Bu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul edilmiş mədəni irsin qorunması ilə bağlı 2347 saylı qətnaməsinin açıq şəkildə pozulmasıdır. Ermənilərin məscidlərdə törətdiyi vandalizm mədəni soyqırımı kimi qiymətləndirilməli və qəti şəkildə qınanılmalıdır”.
M.H.Tanoli bu gün Pakistanda Müstəqillik Gününün qeyd olunmasından söz açaraq qeyd edib ki, bu, hərbi paradlar, hava nümayişləri və atəşfəşanlıqla bütün ölkədə qeyd olunan milli bayramdır. Həmin gün uşaqlar Pakistan bayrağının köynəklərini geyinir və milli mahnılar oxuyurlar.
Forumun rəhbəri Bakıdakı “Multanı” Karvansarayını Azərbaycan-Pakistan qardaşlıq köklərinin nümunəsi adlandırıb: “Qədim zamanlardan Azərbaycanla Pakistan eyni köklərə sahibdir. Bakıda “Multanı” Karvansarayı yerləşən Pakistan şəhərlərindən birinin adıdır. Məlumata görə, qədim dövrlərdə Multandan olan tayfalar Azərbaycana səyahət ediblər. Karvansarayın adı da buradan qaynaqlanır”.
Gənc diplomat Pakistanla Azərbaycan arasındakı turizm əlaqələrinin geniş olmamasından təəssüfləndiyini bildirib:
“Qarabağ müharibəsindəki həmrəylikdən sonra insanlar Azərbaycana gedərək bu dili öyrənməkdə maraqlıdırlar. Son altı-səkkiz ayda Pakistanla bağlı siyasət dəyişdi və hələ də bu proses davam edir. 2021-ci ilin avqustunda Bakıdan İslamabada birbaşa uçuşlar başladı, lakin pandemiya səbəbindən hər iki ölkədən səfərlər təxirə salındı. Pakistanlıların Azərbaycana vizasız gəlməsinə icazə verərək əməkdaşlığımızı gücləndirə bilərik. Hazırda Türkiyə və Azərbaycan kimi hər iki ölkəyə vizasız giriş səmərəli olacaq. İki ölkə arasında “Anlaşma Memorandumu”nu imzalayaraq əməkdaşlığımızı gücləndirə bilərik.
İslam Gəncliyi Təşkilatının prezidenti Hammad Xan isə “Report”a açıqlamasında bildirib ki, Azərbaycanla Pakistan arasında yeni layihələr əlaqələri daha da gücləndirəcək.
Onun sözlərinə görə, Pakistan Qarabağ müharibəsindəki mövqeyi ilə müsəlman xalqlarının yanında olacağını bir daha sübut edib:
“Azərbaycan Ordusu müharibədə döyüş qabiliyyətinin yüksək, əsgərlərinin cəsarətli olduğunu bütün dünyaya göstərdi. Pakistan xalqı da Azərbaycanın bu qələbəsinə çox sevinir, çünki biz qardaş ölkəyik”.
Gənc siyasətçi Azərbaycanda dörd dəfə rəsmi səfərdə olduğunu və buranı ikinci evi hesab etdiyini deyib:
“Azərbaycanlılar Pakistan xalqına qarşı çox qonaqpərvər və mehriban münasibət bəsləyir. Ona görə də Azərbaycanı çox sevirəm. İndi bütün Pakistan xalqı Qarabağa getmək üçün “E-visa” xidmətinin ( “ASAN-Visa” nəzərdə tutulur - “Report” ) fəaliyyətinin bərpa edilməsini gözləyir. Ondan sonra işğaldan azad olunmuş ərazilərə səfərlərimiz başlayacaq”.