Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə ölkəmizin Perudakı diplomatik nümayəndəliyində tədbir təşkil edilib.
Azərbaycanın Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, tədbirin əvvəlində Azərbaycanın Vətən müharibəsində həlak olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Peruda akkreditə olunmuş diplomatik korpusun üzvləri, konqresmenlər, bu ölkənin Xarici İşlər Nazirliyi, Lima şəhər meriyasının nümayəndələri və yerli KİV təmsilçilərinin iştirakı ilə baş tutmuş tədbirdə qonaqlara Azərbaycanın dövlətçilik tarixi, müstəqilliyin bərpasından sonrakı çətinliklər, ulu öndər Heydər Əliyevin Azərbaycanın müasir tarixindəki müstəsna xidmətləri və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qazandığı uğurlar haqda məlumat verilib.
Tədbirdə tanınmış klassik Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib, ölkəmizin tarixi, mədəniyyətinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib və qonaqlara Azərbaycan milli mətbəxindən nümunələr təqdim edilib.
Bununla yanaşı, müstəqilliyimizin bərpasının 30-cu ildönümü şərəfinə paytaxt Limanın əsas tarixi rayonu olan Miraflores bələdiyyəsinin binası, Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.