"Mən ermənilərdən soruşmaq istəyərdim ki, bu qədər dağıntı bacarığını haradan öyrəniblər? Hesab edirəm ki, onların Ağdamda inkişafa, quruculuğa heç bir marağı və niyyəti olmayıb".
"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, bu fikirləri Perunun "La Razon" qazeti və "Prensa21" xəbər portalının direktoru Karlos Linares Latın Amerikasında fəaliyyət göstərən nüfuzlu media nümayəndələrinin Ağdama səfəri zamanı jurnalistlərə deyib.
Onun sözlərinə görə, ermənilər torpaqları işğal altında saxladıqları müddətdə heç bir əməli addım atmayıblar: "Ermənilər burada yaşayış üçün zərrə qədər çalışmayıblar. Əksinə, onlar dağıtmaqda çox maraqlı olublar. Ermənilərin işğal etdikləri ərazilərdə insan həyatına önəm verməmələri təkcə onların nəzarəti altında olduğu müddətdə yox, hətta onların sonrakı vaxtlarda da burada yaşamalarına mane olmağa çalışıblar. Biz bura gələndə məlumat aldıq ki, təkcə Ağdama 97 mindən çox mina basdırılıb. Onların bu addımı da onu deməyə əsas verir ki, ermənilər insan həyatı ilə çox təhlükəli oyun oynayırlar. Bu faktın özü vaxtilə burada yaşamış insanların geri qayıdışını mümkün qədər ləngitmək və hətta mümkünsüz etməyə yönəlib".