“Erməni terrorçuların İrəvanda gizlənən başçıları tərəfindən təşkil edilmiş bu amansız hərəkət dünyanın aparıcı ölkələrinin hökumətləri və beynəlxalq təşkilatlar tərəfindən pislənməlidir”.
Bu barədə “Report”a ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində yaşanan gərginliyi şərh edərkən bildirib.
“Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Heydərabad kəndində olmuş nadir ABŞ vətəndaşlarından biri olaraq erməni əsgərlərinin kəndi atəşə tutmaq üçün döyüş patronlarından istifadə etməsi xəbəri məni heyrətləndirdi. Qafqazın bu kiçik kəndi inkişaf baxımından bir sıra Avropa kəndlərini üstələyir”, - ekspert deyib.
P.Teys əlavə edib ki, erməni silahlı qüvvələri günahsız azərbaycanlılara qarşı törətmiş olduqları cinayətlərə görə məsuliyyətə cəlb edilməli və beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər: “Heydərabad kəndinin qonşuluğunda yerləşən Ermənistanın Arazdəyən kəndində olanlar bilir ki, bu yer üzünün cəhənnəmi kimidir. Atılmış 20-dən çox komanın olduğu bu kənddə xidmət edən erməni əsgərləri belə daim aclıqdan əziyyət çəkirlər”.