Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.
"Report"un Rusiya bürosu xəbər verir ki, bu barədə o, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS agentliyinə müsahibəsində bildirib.
“Moskvada 18 il 6 ay fəaliyyət göstərmişəm. Bu, diplomatik xidmət üçün az müddət deyil. Hazırkı mərhələdə mənim doğma Şuşanı, rayon sakinlərini parlamentdə təmsil etməyim daha düzgün olardı. Çox ümid edirəm ki, seçiləcəyəm və Qarabağın işğaldan azad olunmasından sonra birinci deputat olmaq böyük şərəfdir. Allahın nəsib etdiyi ömrümün qalan hissəsini Vətənimdə insanlarla və təbiətlə daha çox ünsiyyətə həsr etmək istərdim”, - P.Bülbüloğlu deyib.
O, müsahibəsində atası, görkəmli opera müğənnisi Bülbülün Şuşada anadan olduğunu xatırladıb:
“Son illər, torpaqlarımız işğaldan azad ediləndən sonra mənim taleyim yenidən kiçik vətənimlə sıx bağlı olub. Məsələ ondadır ki, orada atamın doğulduğu ev var. Prezident İlham Əliyevin tapşırığı ilə erməni vandalları tərəfindən dağıdılmış bu evi bərpa etdim. Hazırda orada ev-muzeyi var. Şadam ki, indi Şuşaya çoxlu turist gəlir, onlar Bülbülün ev-muzeyini ziyarət edirlər”, - P.Bülbüloğlu qeyd edib.