Azərbaycan Cənubi Qafqaz regionunda Rusiyanın arxalana, razılığa gələ və əldə olunmuş razılaşmaların həyata keçirilməsinə əmin ola biləcəyi etibarlı geosiyasi oyunçudur.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu politoloq Andrey Petrov Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, Azərbaycan uzun illərdir ki, Rusiya ilə müsbət münasibət saxlayır: “Bakı Moskva ilə müttəfiqlik münasibətlərinin inkişafında maraqlıdır, indi bu, prinsipial olaraq əhəmiyyət kəsb edir, buna görə də Prezident Putinin Bakıya dövlət səfəri baş tutub.
Petrov qeyd edib ki, Rusiya Prezidenti bir qayda olaraq ölkə daxilində qalmağa üstünlük verdiyindən, onun Azərbaycana səfəri Rusiyanın ən yeni xarici siyasətində fövqəladə hadisədir. Bu, Rusiya-Azərbaycan münasibətlərinin ən yüksək səviyyəsindən və Moskvanın və şəxsən Vladimir Putinin bu münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasında maraqlı olduğunu göstərir.
Ekspert hesab edir ki, Ermənistanla münasibətlərdə müəyyən gərginlik olsa da, Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına kömək edə bilər.