“Azərbaycanın humanitar yardımı və dəstəyi Ukrayna üçün çox önəmlidir”.
Bunu “Report”a açıqlamasında ukraynalı politoloq Aleksey Voronenko deyib.
“Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya yardım göstərilməsi ilə bağlı növbəti təşəbbüsü çox müsbət tendensiyadır”, - o vurğulayıb.
Politoloqun fikrincə, iki ölkə münasibətləri bütün səviyyələrdə gücləndirməlidir: mədəni, sosial, iqtisadi sahələrdə.
O, həmçinin minatəmizləmə sahəsində təcrübə mübadiləsinin vacib olduğunu qeyd edib: “Hazırda Ukraynada baş verənlərlə əlaqədar olaraq, demək olar ki, bütün iqtisadiyyat hərbi nəticələrin əldə edilməsinə, qələbənin nail olunmasına yönəldilib. Buna görə də hazırda bizim üçün istənilən kömək çox dəyərlidir”.
Qeyd edək ki, Azərbaycan Ukraynaya humanitar yardım çərçivəsində elektrik avadanlıqlarının satın alınması və göndərilməsi üçün 7,6 milyon dollar məbləğində vəsait ayırıb. Ötən ilin sonunda Azərbaycan Ukraynanın ehtiyacları üçün 45 güc transformatoru və 50 generator göndərib. Həmin vaxt göstərilən yardımın ümumi məbləği 17,5 milyon dolları ötmüşdü.