"Azərbaycan ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlər arasında uzunmüddətli maraqlara və qarşılıqlı fayda kəsb edən əməkdaşlığa əsaslanan dostluq münasibətləri qurulub".
Bunu "Report"a açıqlamasında "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, Azərbaycan KTMT dövlətləri ilə siyasi və iqtisadi sahədə uzunmüddətli dialoq qurub.
"Son illər dialoq hərbi-siyasi müstəvidə də fəal şəkildə inkişaf edir. Əksər dövlətlər bizim tərəfdaşlarımız, strateji müttəfiqlərimizdir, ona görə də KTMT dövlətləri ilə çox yaxşı münasibətlərimiz var", - o deyib.
Politoloq qeyd edib ki, yaxın gələcəkdə bu münasibətləri heç nə təhdid etmir, çünki qlobal turbulentlik dövründə bütün tərəflər – həm Azərbaycan, həm də Ermənistan istisna olmaqla, KTMT dövlətləri münasibətlərin möhkəmlənməsində maraqlıdır.
İ.Vəlizadə hesab edir ki, Ermənistan tərəfi Azərbaycan ilə münasibətlərin normallaşması prosesini ləngitməyə və süni şəkildə qeyri-müəyyən vəziyyətə gətirməyə çalışır. Bu, həm sərhədlərin demarkasiyası və delimitasiyasına, həm də sülh müqaviləsinə aiddir.
“Ermənistan öz təkliflərini konkretləşdirməli və özü üçün məqbul hesab etdikləri məntiq çərçivəsində deyil, münaqişə başa çatdıqdan sonra formalaşmış məntiq çərçivəsində hərəkət etməlidir”, - o əlavə edib.
Politoloqun sözlərinə görə, oktyabrın 28-də KTMT-nin fövqəladə sessiyasında çıxış edən Belarus rəhbəri Aleksandr Lukaşenko da buna çağırış edib: “Lukaşenko bildirib ki, Ermənistan Azərbaycanın siyasi rəhbərliyi ilə oyunlar oynamamalı və dövlətlər arasında münasibətlərin normallaşması prosesinə son qoymaq üçün onunla razılığa gəlməlidir”.
Belarus lideri Ermənistan tərəfinin Azərbaycan ilə sərhədə Aİ və ATƏT missiyalarını müşahidəçi kimi dəvət etmək qərarına da mənfi reaksiya verib. “Belarus həmişə münaqişə gündəliyindəki məsələləri MDB-nin əsas üzvlərinin köməyi ilə həll etməyi təklif edib”, - İ.Vəlizadə deyib.
O əlavə edib ki, A.Lukaşenko dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyevin danışıqlar apara bilmək qabiliyyətindən bəhs edib.