“Latviya və Azərbaycan daha sıx iqtisadi əlaqələrin yaradılmasına, qarşılıqlı investisiyaların artırılmasına çalışır və bu da müsbət tendensiyadır”.
Bu barədə “Report”a açıqlamasında Latviya Beynəlxalq Münasibətlər İnstitutunun direktoru, professor Karlis Bukovskis məlumat verib.
Onun sözlərinə görə, bu ölkələrin coğrafi mövqelərini və geosiyasi vektorlarını nəzərə alsaq, hazırda Latviya-Azərbaycan ikitərəfli münasibətlərinin normal və təbii mərhələdə olduğunu söyləmək olar: “Bu dövlətlər arasında iqtisadi əməkdaşlıq daha intensiv ola bilərdi. Lakin bu məqamda Avropa İttifaqının siyasi-hüquqi prinsiplərini nəzərə almaq lazımdır, çünki iki ölkə arasında əməkdaşlıq məhz bu prinsip çərçivəsində həyata keçirilir”.
K.Bukovskis xatırladıb ki, iki ölkə arasında ortalama ticarət dövriyyəsi ildə 20 milyon avrodan çoxdur və Azərbaycanın Latviyaya ixracı bu göstəricinin kiçik bir hissəsini təşkil edir: “Deməli, qarşılıqlı ixracın genişləndirilməsi, birgə sərmayə qoyuluşu, həmçinin bu ölkələrin məhsullarının tanıdılması üçün imkanlar yaratmaq lazımdır”.
Politoloqun fikrincə, iki ölkə müxtəlif sahələrdə, xüsusən də təhsil sahəsində daha sıx əməkdaşlıq edə bilər və bu, böyük üstünlük olardı: “Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi diqqət yetirilməli olan mühüm istiqamətdir”.