Qırğızıstan və Azərbaycan müxtəlif texnoloji aspektlərdə bir-birindən çox şey öyrənə bilər.
Bunu “Report”un Bişkekə ezam olunmuş müxbirinə qırğızıstanlı politoloq Bakıt Baketayev deyib.
O qeyd edib ki, "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Çin-Qırğızıstan-Özbəkistan yolunun tikintisi planlaşdırılır və bu yol Transxəzər nəqliyyat marşrutu ilə Azərbaycana qədər davam edəcək.
"Qırğızıstanın böyük təbii ehtiyatları, hidroenerji potensialı var və əminəm ki, hökumətlərimiz ikitərəfli əməkdaşlığın ən əlverişli variantını tapacaqlar", - politoloq bildirib.
Baketayev qeyd edib ki, Türk Dövlətləri Təşkilatının yaradılması çox müdrik qərar olub və təşkilat çərçivəsində münasibətlərin inkişafı hər iki tərəfə real fayda gətirir.
"Bizim iki ölkə arasında investisiya layihələrini maliyyələşdirməyə xidmət edən Azərbaycan-Qırğızıstan İnkişaf Fondumuz var. Bu gün Bakı və Bişkek arasında əməkdaşlıq ən yüksək səviyyədədir", - politoloq bildirib.