Ukraynanın Poltava şəhərinin meri Oleksandr Mamay “Report”un Şərqi Avropa bürosuna müsahibə verib. Müsahibəni təqdim edirik.
- Azərbaycan ilə Ukrayna regionları arasındakı mövcud əlaqələrin səviyyəsini necə dəyərləndirirsiniz? Əməkdaşlığın daha çox inkişaf etdirilməsi zəruri olduğu sahələr hansılardır?
- Əslində, mən Ukraynanın kiçik bir əyalət mərkəzinin bələdiyyə başçısıyam və dünya siyasəti ilə o qədər də məşğul olmuram. Amma yenə də kənardan baxarkən belə ermənilərlə azərbaycanlıların, ruslarla ukraynalıların sülh içində yaşamasını arzulayıram. Bu gün buna nail olmaq çox çətindir. Ukrayna vətəndaşı olaraq Azərbaycanla Ermənistan arasında müharibəni ağrılı hisslərlə izləyirdim. Müharibə nəticəsində Azərbaycan öz tarixi torpaqlarını azad etdi. Amma dediyim kimi, siyasətə qarışmaq istəmirəm, mənim mövqeyim sadəcə bütün xalqların sülh içində yaşamasıdır.
Bununla yanaşı, hər xalqın qanunla, hüquqla təsbit olunmuş öz tarixi torpaqları olmalıdır, bu torpağa da kənardan heç kim iddia edə bilməz. Poltava şəhərində yaşayan gənc azərbaycanlı dostlarım var, idmançıdırlar. Uzun illərdir onların valideynləri ilə, özləri ilə də dostluğumuz var, onlara dəstək oluram. Təmiz azərbaycanlı olan həmin uşaqlar Ukraynada doğulub boya-başa çatıblar, buranın vətəndaşıdırlar. Bəzən Poltavada doğulmuş azərbaycanlılarla ermənilər arasında dostluq münasibətləri olduqlarını görürəm. Onlar siyasətə qarışmırlar. Valideynləri bir-birini dindirmir, övladlar isə dostlaşır. Nəsillər beləcə dəyişir...
- Poltava şəhəri Azərbaycanın hər hansı şəhəri ilə qardaşlıq sazişi imzalamağı düşünürmü? Deyilənə görə, rəhbəri olduğunuz şəhər ötən il işğaldan azad olunmuş şəhərlərin biri ilə qardaşlaşmaq niyyətindədir.
- Bəli, elədir. Əlbəttə, Azərbaycanın hansısa şəhəri ilə əlaqələrdən söhbət düşəndə daha çox Bakının adı çəkilir. Biz də Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrini qurub böyük məmnuniyyətlə inkişaf etdirər, bu ölkənin hansısa şəhərilə qardaşlaşarıq. Məsələn, tutaq ki, azad edilmiş bölgədə 30, 40, 50 min əhalisi olan şəhər olsa, onunla qardaşlaşmağa şad olarıq. Gürcüstanın Borjomi şəhəri ilə on illərdir dost olduğumuz kimi. Aramızda yaxın ünsiyyət var, nümayəndə heyətimiz qarşılıqlı gedib-gəlir. Sözsüz ki, fürsət olsa, azad edilmiş şəhərlərdən birinə məmnuniyyətlə səfər edərəm.
- Bu gün Ukraynada islahatlar dövrüdür. Bəs sizin şəhərdə bu islahatlar necə gedir?
- Hazırda bizim başlıca məqsədimiz şəhərə sərmayə cəlb etməkdir. Mühüm olan şəhərimizin vergi şəklində əldə etdiyi gəlirləri düzgün idarə etmək, o cümlədən korrupsiyanı minimuma endirməkdir. Bizim xoşumuza gəlsə də, gəlməsə də korrupsiya var. Korrupsiya olmasa sərmayələr gələcək. Ən başlıca islahat hədəfimiz budur.
- İslahatları həyata keçirməkdə, şəhər iqtisadiyyatını inkişaf etdirməkdə milli azlıqların, o cümlədən azərbaycanlıların iştirakını necə görürsünüz?
- Bu məsələdə daha çox dini etiqadınız, mədəniyyətiniz əhəmiyyət kəsb edir. Şəhərimizdə məscid var, ona dəstək veririk. Oraya gələnlər arasında təkcə Yaxın Şərq ölkələri vətəndaşlarının yox, yerli azərbaycanlıların da olmasını məmnuniyyətlə qeyd etmək istərdim. Mədəniyyətə və dini etiqada, o cümlədən islam dininə daim diqqət yetirilməlidir, qayğı göstərilməlidir. Bu, milli siyasətin mühüm şərtidir.