"Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. COVID-19 pandemiyası dövründə ölkələrimizin qarşılıqlı etimad və həmrəylik nümayiş etdirərək bir-birini dəstəkləməsi möhkəm dostluq münasibətlərimizin bariz nümunəsidir".
"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda yer alıb.
"Biz Azərbaycan-Çin münasibətlərinin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə xüsusi əhəmiyyət veririk. Bu mənada, qədim və zəngin ənənələrə malik əlaqələrimizin genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. Çin şirkətlərinin ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının bərpası və yenidən qurulması işlərində iştirakı, nəqliyyat, logistika, infrastruktur, investisiya, enerji və digər sahələrdə əldə etdiyimiz yaxşı nəticələr və gələcək perspektivlər Azərbaycan-Çin tərəfdaşlığının yüksək səviyyəsindən xəbər verir.
Əminəm ki, həm “Kəmər və yol” layihəsi çərçivəsində atdığımız addımlar, həm də ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı etimad və dəstəyə əsaslanan faydalı əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcək və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir", - məktubda qeyd olunub.