Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxı qəbul edib.
Dövlət başçısı Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxa Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatında iştirakına və dəstəyinə görə minnətdarlığını bildirdi, bunun əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyini deyib.
Tomas Bax paytaxtımızda keçirilən bu idman yarışında iştirak etməkdən məmnunluğunu ifadə edib.
Söhbət zamanı çoxlu sayda ölkəni təmsil edən idmançıların iştirak etdikləri taekvondo üzrə 26-cı dünya çempionatının Azərbaycanda keçirilməsinin önəminə toxunulub.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Olimpiya Komitəsinin uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyi və ölkəmizin bu beynəlxalq qurumun fəal iştirakçısı olduğu qeyd edilib, Azərbaycanın beynəlxalq idman təşkilatları ilə uğurlu qarşılıqlı fəaliyyəti vurğulanıb.
Söhbət zamanı ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışılıb, Azərbaycanın dünya əhəmiyyətli çoxsaylı idman tədbirlərinin yüksək səviyyədə təşkil edildiyi məkana çevrildiyi bildirilib, paytaxtla yanaşı, regionlarda da müasir idman infrastrukturunun yaradıldığı qeyd olunub.
Tomas Bax 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarını məmnunluqla xatırladaraq qeyd edib ki, o, hələ də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi Oyunların açılış mərasiminin xoş təəssüratları altındadır.
Sonda Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti dövlət başçısına Olimpiya Evi Mükafatını təqdim edib. Mükafat dünyanın ən dayanıqlı binalarından biri olan Beynəlxalq Olimpiya Komitəsinin Lozannadakı yeni baş qərargahını əks etdirir. Göyərçin formasında, dam örtüyündə günəş panelləri olan bina Beynəlxalq Olimpiya Komitəsinin dayanıqlılıq və sülhə sadiqliyini tərənnüm edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxı qəbul edib.
"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.