"Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə, biz müəyyən mənada artıq fəaliyyətə başlamışıq. Artıq neçə ildir ki, biz dialoq üzrə tərəfdaşıq. Bu, birinci pillədir. İkinci pillə - müşahidəçilərdir. Biz bir neçə il bundan əvvəl öz statusumuzu müşahidəçi statusuna qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə rəsmən müraciət etmişik".
"Report"un xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı bildirib.
"Təəssüf ki, bu məsələ indiyə qədər həll edilməyib. Mənim Rusiya rəhbərliyi ilə, Çin Xalq Respublikasının rəhbərliyi ilə və Şanxay Əməkdaşlıq Təşkilatının digər üzvləri ilə bu kontekstdə əlaqələrim onu göstərir ki, bizim statusumuzu yüksəltməmək üçün heç bir səbəb yoxdur. Lakin bizə məlum olmayan səbəblərə görə, bu məsələ indiyə qədər baş tutmur", - Prezident vurğulayıb.