Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dünən Kəlbəcərdə KİV işçilərinin mina partlayışı nəticəsində həlak olmaları ilə bağlı tvitterdə paylaşım edib.
“Report” xəbər verir ki, prezidentin köməkçisi tvitində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1738 saylı qətnaməsindən sitat gətirərək dünya ictimaiyyətinə münaqişə bölgələrində fəaliyyət göstərən jurnalistlərin və media mütəxəssislərinin təhlükəsizliyinin təmin eliməsinin vacibliyi barədə xatırladıb.
“Bununla əlaqədar olaraq (Təhlükəsizlik Şurası – red.) xatırladır ki, silahlı münaqişə bölgələrində təhlükəli peşə fəaliyyətini yerinə yetirən jurnalistlər, media mütəxəssisləri və əlaqəli işçi heyəti mülki şəxs sayılmalı, hörmət edilməli və qorunmalıdırlar”, - H.Hacıyevin qətnamədən paylaşdığı sitatda deyilir.
Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.